Nigeriya ordusu ölkənin şimal-şərqində yerləşən Borno əyalətində terrorçulara qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 60-dan çox silahlını zərərsizləşdirib.
EDnews “Daily Post”a istinadən xəbər verir ki, “Hadin Kai” əməliyyatının quru və hava qüvvələri tərəfindən həyata keçirilən hücum cümə günü səhər saatlarında Bita şəhərində baş tutub. Ordu Qərargahı bu barədə mayın 30-da öz rəsmi “Facebook” səhifəsində qısa bəyanat yayıb.
Ordu yazıb: “Hadin Kai əməliyyatının cəsur qoşunları bu gün səhər saatlarında Borno əyalətinin Bita şəhərində terrorçuların mövqelərinə eyni vaxtda qurudan və havadan hücuma keçib. Gərgin döyüş nəticəsində azı 60 terrorçu zərərsizləşdirilib.”
Qeyd edək ki, Nigeriyanın şimal-şərq bölgəsi illərdir “Boko Haram” və onun parçalanmış qruplaşmaları tərəfindən təhlükəyə məruz qalır. Bu kimi hərbi əməliyyatlar terrorçuların sıxışdırılması və bölgədə sabitliyin təmin olunmasına yönəlib.
Fatimə Şükürova // EDnews