Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Hərbi Hava Qüvvələrinin yaxın illərdə yeni pilotlara daha çox ehtiyac duyacağını açıqlayıb.
EDnews xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç ölkə ordusunun yaxın illərdə daha çox hərbi pilot hazırlamalı olacağını bildirib.
Bunu dövlət başçısı Batajnitsa hərbi aerodromunda Serbiya Ordusunun yeni və modernləşdirilmiş texnika və silah sistemlərinin təqdimatı zamanı deyib.
Vuçiç qeyd edib ki, ölkə yaxın vaxtlarda Fransa istehsalı olan "Rafale" döyüş təyyarələrini qəbul edəcək. O, həmçinin Serbiya Ordusu üçün əlavə hərbi texnikanın alınacağını, lakin hələlik bu barədə ətraflı məlumat verə bilməyəcəyini bildirib.
"Hazırda Hərbi Akademiyaya əvvəlki illərlə müqayisədə daha çox kursant qəbul olunub. Düşünürəm ki, ilk dəfədir kifayət qədər sayda kursantımız var. Ümid edirik ki, onların sayı daha da artacaq, çünki insan resurslarına ehtiyacımız var. "Rafale"lər gələcək, bundan əlavə, hələ açıqlaya bilmədiyim başqa texnika da alınacaq", – deyə Vuçiç "hava-hava" silahları ilə təchiz olunmuş MiQ-29 qırıcısına baxış zamanı bildirib.
Prezident vurğulayıb ki, hərbi pilotların mümkün qədər çox uçuş saatına malik olması böyük əhəmiyyət daşıyır.
Hərbçilərlə söhbət zamanı Vuçiçə hazırda Hərbi Akademiyada pilot hazırlığı üzrə qrupların sayının iki dəfə artırıldığı barədə məlumat verilib. Dövlət başçısı əlavə edib ki, pilotların maaşları da artırılıb.

.jpg)





