Son günlər bazarda yumurtanın qiymətində kəskin ucuzlaşma ictimaiyyət arasında müxtəlif suallar yaradıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli EDnews-a danışıb.
İqtisadçı bildirib ki, hazırda yumurta bazarında müşahidə olunan ucuzlaşma təsadüfi deyil və bunun arxasında həm mövsümi, həm də istehsal amilləri dayanır.
Onun sözlərinə görə, yay mövsümündə gün işığının uzanması, hava şəraitinin əlverişli olması və yem xərclərinin müəyyən qədər azalması toyuqların məhsuldarlığına müsbət təsir edir və nəticədə bazarda təklif artır.
Akif Nəsirli qeyd edib ki, əvvəlki aylarda yumurtanın qiymətinin yüksək olması süni bahalaşma deyil, bazarda yaranan qıtlıq və təklifin tələbi tam qarşılamaması ilə bağlı idi.
“Qiymət artımı əsasən qıtlıqdan yaranmışdı. Təklif artdıqca qiymətlər də aşağı düşməyə başladı”, – deyə ekspert bildirib.
İqtisadçının sözlərinə görə, ötən illərlə müqayisədə ölkədə yumurta istehsalı imkanları genişlənib. Yeni istehsal güclərinin yaradılması daxili bazarda rəqabəti artırıb. Bununla yanaşı, ixrac imkanlarının zəifləməsi nəticəsində daxili bazarda məhsul həcmi də yüksəlib.
Ekspert hazırda bəzi marketlərdə müşahidə olunan 1–3 qəpik aralığındakı qiymətlərin uzunmüddətli olmayacağını bildirib.
“Bu, daha çox kampaniya xarakterli satışdır. Şirkətlər yaranmış ehtiyatları bazara çıxarmaq və satışları sürətləndirmək üçün bu üsuldan istifadə edirlər. Yumurtanın normal bazar qiyməti hazırda təxminən 7–9 qəpik civarında hesab oluna bilər. 1 qəpik səviyyəsində satışın uzun müddət davam etməsi iqtisadi baxımdan real görünmür”, – deyə o vurğulayıb.
Akif Nəsirli hesab edir ki, gələn aylarda yumurtanın qiymətinin yenidən 1–3 qəpik intervalında qalması gözlənilmir. Bununla belə, bazarda ciddi qıtlıq yaranmasa, əvvəlki yüksək qiymətlərə də qayıdış ehtimalı aşağıdır.
Ekspert əlavə edib ki, yumurta bazarında müşahidə olunan modelin digər ərzaq məhsullarına tətbiqi daha mürəkkəbdir. Onun fikrincə, ət, süd və digər kənd təsərrüfatı məhsullarında istehsalın artırılması daha böyük investisiya, infrastruktur və uzunmüddətli planlaşdırma tələb edir.







