Cənubi Qafqazda geosiyasi balans yenidən müzakirə mövzusuna çevrilib.
Zəngəzur dəhlizi və TRIPP marşrutu ətrafında yaranan ciddi fikir ayrılıqları, İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyaları, eləcə də İranın Ermənistandakı səfirinin bu ölkə ilə bağlı sərt və qeyri-adi açıqlamaları münasibətlərdə etimadsızlığın artdığını açıq şəkildə göstərir.
Son günlər İran rəsmilərinin Ermənistanın xarici təhlükəsizlik kursu ilə bağlı səsləndirdiyi narahatlıqlar da bölgədə yeni suallar yaradıb. Bəs İrəvan həqiqətən Tehrandan uzaqlaşırmı və İran bu proseslərə necə reaksiya verə bilər?
Hərbi ekspert Ramil Məmmədli EDnews-a açıqlamasında bildirib ki, Ermənistanla bağlı bəzi ekspert dairələrində səsləndirilən “hərbi müdaxilə” və ya “Ermənistana qarşı təhlükə” tezisləri daha çox siyasi ritorika xarakteri daşıyır və real vəziyyəti tam əks etdirmir.
Onun sözlərinə görə, hazırkı Ermənistan hakimiyyətinin strateji baxışı əvvəlki dövrlərdən fərqlənir və İrəvan öz gələcəyini İran və Rusiya ilə dərin inteqrasiyada deyil, daha çox Qərblə münasibətlərin inkişafında görür.
Ramil Məmmədli qeyd edib ki, İran və Rusiya hazırda daxili və xarici təzyiqlərlə üzləşən ölkələrdir və bu səbəbdən Cənubi Qafqazdakı proseslərə əvvəlki kimi təsir imkanları məhdudlaşıb. Ekspert hesab edir ki, bəzi erməni analitiklərinin Tehrandan daha sərt mövqe gözləməsi Ermənistan hakimiyyətinin rəsmi siyasətini ifadə etmir.
Şərhçinin fikrincə, İranın narahatlığı əsasən Ermənistanın son dövrlər ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsi və birgə hərbi fəaliyyətlər fonunda artır. Bu isə göstərir ki, İrəvan təhlükəsizlik təminatını əvvəlki regional tərəfdaşlardan daha çox Qərb institutlarında axtarır.
Ramil Məmmədli hesab edir ki, Tehran bölgədə proseslərə birbaşa hərbi müdaxilə yolunu seçməyəcək. Onun sözlərinə görə, belə bir addım Cənubi Qafqazda daha genişmiqyaslı gərginlik yarada və regional balansı poza bilər.
Ekspert əlavə edib ki, beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat və logistika layihələri ətrafında müzakirələr davam etsə də, proseslərin icrası müxtəlif siyasi amillər səbəbindən uzana bilər. Onun qənaətincə, regionda əsas mübarizə hərbi deyil, diplomatik və geosiyasi təsir uğrunda gedəcək.
"Yaxın perspektivdə İranın açıq hərbi eskalasiya yolunu seçməsi ehtimalı aşağı görünür, lakin lokal gərginlik və siyasi təzyiq elementləri tam istisna edilmir".








