Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara yüksək tələbat müşahidə olunur və bu səbəbdən biletlər satışa çıxarıldıqdan qısa müddət sonra satılır.
EDnews xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ADY-də bilet satışı həm onlayn qaydada qurumun rəsmi saytında və “ADY Mobile” tətbiqi vasitəsilə, həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir.
Azər Fərəcov qeyd edib ki, 2024-cü ilin noyabrından tətbiq olunan dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu sistem həm səfərlərin əvvəlcədən planlaşdırılmasına, həm də tələbatın vaxtında müəyyən edilməsinə imkan yaradır.
ADY rəsmisi bildirib ki, bilet satışı hazırda 30 günlük dövrü əhatə edir. Belə ki, hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Əvvəllər kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Hazırda isə yüklənməni nəzərə alaraq biletlər müxtəlif saatlarda sistemdə əks olunur.
“Bakı-Tbilisi-Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Sərnişinlərə səyahət tarixinə uyğun biletləri mütəmadi yoxlamağı tövsiyə edirik”, - deyə Azər Fərəcov bildirib.
O əlavə edib ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və satışa yeni biletlər təqdim edilib.
Azər Fərəcovun sözlərinə görə, yüksək tələbat nəzərə alınaraq aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqi planlaşdırılır.
ADY rəsmisi həmçinin vurğulayıb ki, Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir və hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır.
“Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Hazırda biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur”, - deyə o qeyd edib.
Azər Fərəcov bildirib ki, bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet konkret sərnişinin adına rəsmiləşdirilir. Əvvəllər bir şəxs özü ilə birlikdə 8 nəfərə qədər sərnişinə bilet ala bilirdisə, bu say 4 nəfərə endirilib. Məqsəd daha çox sərnişinə bilet almaq üçün bərabər imkan yaratmaqdır.
O, sosial şəbəkələrdə satışa çıxarılan biletlərlə bağlı elanların da izlənildiyini və araşdırıldığını bildirib.
“Sistem alınmış biletin başqa şəxsin adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər və bu halda yenidən açıq satışa çıxarılır. Bu mexanizm biletlərin vasitəçilər tərəfindən kütləvi şəkildə alınıb sonradan satılmasına imkan vermir”, - deyə ADY rəsmisi əlavə edib.
Azər Fərəcov Bakı-Tbilisi qatarlarının dolu olmaması ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, qatarın Bakıdan yola düşərkən tam dolu olmaması normal haldır. Çünki sərnişinlərin bir qismi qatara Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarından minir.
Məlumata görə, 25 may-22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Yevlaxdan 909, Gəncədən 1345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib. Əks istiqamətdə isə Tbilisidən Bakıya 5592, Gəncəyə 1048, Yevlaxa 1522, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.
Qeyd edək ki. Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı ildən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Onlardan təxminən 5 mini kassalarda satılıb.







