Belarusda Ukrayna sərhədinə yaxın ərazidə səfərbərlik təlimləri keçirilir.
EDnews xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Belarus Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, iyun ayında Belarusun Qrodno vilayəti ərazisində səfərbərlik təlimləri təşkil olunub. Təlimlər çərçivəsində hərbi komissarlıqlar hərbi mükəlləfiyyətlilərin şəxsi məlumatlarını yoxlayır.
Belarus Müdafiə Nazirliyinin məlumatına əsasən, iyunun 20-dən Aşmyanı rayonunun hərbi komissarlığı hərbi mükəlləfiyyətliləri şəxsi məlumatların dəqiqləşdirilməsi üçün çağırır. Məlumatların yoxlanılması ilkin toplanış məntəqəsində aparılır.
Bildirilib ki, hərbi komissarlıq əməkdaşları qeydiyyat sənədlərini yeniləyir və məlumatları aktuallaşdırırlar. Ümumilikdə Aşmyanı rayonunda təxminən 2 min nəfərin bu prosesə cəlb olunması planlaşdırılır.
Tədbirlərin mərhələli şəkildə iyulun 2-dək davam edəcəyi qeyd olunur.
Bundan əvvəl bildirilib ki, təlimlər zamanı hərbi komissarlıqların hərbi toplanışlara çağırılan şəxslər hesabına komplektləşdirilməsi məsələsi də işlənəcək. Çağırılan şəxslər hərbi biliklərini təkmilləşdirəcək, silah və hərbi texnikanı mənimsəyəcək, həmçinin təlim rəhbərlərinin verdiyi tapşırıqları icra etməyi öyrənəcəklər.
Qeyd edək ki, Ukrayna tərəfi daha əvvəl Belarus istiqamətindən mümkün təhlükələrlə bağlı narahatlığını ifadə edib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski şimal istiqamətində sərhədin müdafiəsinin gücləndirilməsi barədə göstəriş verib.







