ABŞ Dövlət Departamenti Ermənistanda korrupsiya ilə mübarizə üzrə baş məsləhətçi vəzifəsinə mütəxəssis axtarışı elan edib.
Ednews Rusiyanın RT nəşrinə istinadən xəbər verir ki, o, iş vaxtının çox hissəsini İrəvandakı Amerika səfirliyində keçirəcək.
“Departamentin Qanunsuz Narkotiklərlə Mübarizə Bürosunun əsas məqsədi korrupsiya ilə fəal mübarizə aparan Ermənistan dövlətinə dəstək olmaqdır”, mətndə deyilir.
Müşavir, həmçinin Ermənistan Ədliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və digər idarələrdən olan həmkarları ilə sıx əməkdaşlıq edəcək və onlarla konstruktiv əlaqələr quracaq.
Bundan əlavə, mütəxəssis antikorrupsiya konfranslarında və seminarlarda iştirak edəcək, öz işini Amerika tərəfi ilə əlaqələndirəcək, Vaşinqtona hesabat verəcək, bir sıra Ermənistan departamentlərinin nümayəndələrini təlimatlandıracaq.
Sənədə əsasən, baş məsləhətçi ildə 91,5 min dollardan 134,3 min dollara qədər maaş alacaq. Onunla bir il müddətinə müqavilə bağlanacaq.