Polşanın baş naziri Donald Tuskla görüşmək istəyən bir qadın əlində benzin dolu qabla onun ofisinin qarşısına gəlib.
“EDnews” xəbər verir ki, şübhəli qadın baş nazirin ofisinin girişində saxlanılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və kimyəvi analiz nəticəsində qadının həqiqətən də benzin gətirdiyi təsdiqlənib. Saxlanılma zamanı qadın aqressiv davranmayıb, heç bir şəkildə özünə və ya başqalarına xəsarət yetirməyə cəhd göstərməyib. Bununla belə, ona tibbi və psixiatriya yardımı göstərilib. Hazırda qadın xəstəxanadadır.
Hadisənin səbəbini izah edən polşalı qadın bildirib ki, evinin dam örtüyündən kirəmitlərin oğurlandığını düşünür və bu məsələ ilə bağlı siyasətçi ilə danışmaq istəyirmiş.
Polşa polisi bildirib ki, 2024-cü ildə hüquq-mühafizə orqanları psixi sağlamlıq problemi olan şəxslərlə bağlı 100 min insidentə reaksiya verib. Polşa əhalisinin sayı təxminən 36 milyon nəfərdir.
Xatırladaq ki, bundan əvvəl Polşa baş naziri Donald Tusk terror və kibertəhlükə ilə bağlı ikinci səviyyəli xəbərdarlığın qüvvədə qalma müddətini uzatmışdı. Onun sözlərinə görə, Polşa üçün əsas təhlükə Rusiyanın və Belarusiyanın fəaliyyətidir.