Ermənistan hazırda öz inkişaf yolunu seçmək prosesindədir və bu, Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
EDnews xəbər verir ki, Peskov Rusiya və Ermənistanın əsrlər boyu qonşu və qardaş ölkələr olduğunu vurğulayıb.
"Biz görürük ki, hazırda Ermənistan rəhbərliyi inkişaf yolunun seçimi qarşısındadır. Bu, bizim üçün vacibdir, çünki Rusiya və Ermənistan uzun əsrlərdir qonşu və qardaş ölkələrdir", – deyə Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, Ermənistan üçün inteqrasiya modeli kimi Avrasiya İqtisadi İttifaqı (Aİİ) digər alternativlərdən daha üstün seçimdir.
Peskov qeyd edib ki, Aİİ çərçivəsində inteqrasiya prosesi hər il Ermənistanın ÜDM artımına mühüm töhfə verir və bu birlik keyfiyyət göstəricilərinə görə digər variantları üstələyir.
"Ümid edirik ki, Ermənistan xalqı və ölkə rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra eyni qənaətə gələcək", – deyə o əlavə edib.
Kremlin sözçüsü həmçinin vurğulayıb ki, Rusiya Ermənistanla münasibətlərin inkişafında maraqlıdır. Onun sözlərinə görə, Rusiya Ermənistan iqtisadiyyatına ciddi investisiyalar yatıran ölkələrdən biridir və iki ölkə arasında əməkdaşlıq gələcəkdə də davam edəcək.
Xatırladaq ki, bundan əvvəl Kreml Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya istəyinin suveren hüququ olduğunu bildirsə də, bunun Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin maliyyə resursları hesabına həyata keçirilməməli olduğunu bəyan etmişdi.







