Ermənistan Baş Prokurorluğu "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı müraciəti Mərkəzi Seçki Komissiyasına göndərib.
EDnews xəbər verir ki, məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti təsdiqləyib.
Qurumdan bildirilib ki, vəsatətin hansı cinayət işi çərçivəsində təqdim olunduğu açıqlanmayıb.
Yerli KİV-in məlumatına görə, məsələ iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə dair müraciətlərə baxdıqdan sonra müzakirəyə çıxarıla bilər.
Rəsmi nəticələrə əsasən, "Çiçəklənən Ermənistan" Partiyası parlament seçkilərində 58 287 səs (3,98 faiz) toplayaraq qanunvericilikdə nəzərdə tutulan 4 faizlik baryeri keçə bilməyib. Partiya isə seçkilərin nəticələrini tanımadığını və Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrin saxtalaşdırıldığını bəyan edib.
Qeyd olunur ki, "Çiçəklənən Ermənistan"ın yeni parlamentdə təmsil olunmaması hakim Vətəndaş Müqaviləsi Partiyasına konstitusion çoxluq qazandırır. Bu isə yeni konstitusiya layihəsinin referenduma çıxarılması da daxil olmaqla, mühüm qərarların qəbulunu asanlaşdırır.







