Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini və ATƏT yanında daimi nümayəndəsi Dmitri Polyanski bildirib ki, Avropa İttifaqı Ukraynadakı müharibədən sonra Rusiya ilə birbaşa qarşıdurmaya hazırlaşır.
EDnews xəbər verir ki, diplomat bu fikirləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Daimi Şurasının növbəti iclasında səsləndirib.
Polyanskinin sözlərinə görə, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropa ölkələri artıq vasitəçilər üzərindən deyil, birbaşa münaqişəyə qoşula bilər.
"Rusiya Ukrayna ilə işi başa vurduqdan sonra Avropa ölkələri münaqişəyə vasitəçilər vasitəsilə deyil, birbaşa qoşulacaqlar. Hazırda onların əhalisi Rusiyanı tamamilə təhlükə mənbəyi kimi təqdim edən geniş təbliğat kampaniyası ilə buna hazırlanır. Brüsseldəki NATO və Aİ strukturları məhz belə bir ssenari üzərində işləyirlər", - deyə rusiyalı diplomat bildirib.
Qeyd edək ki, Moskva son dövrlərdə dəfələrlə Qərb ölkələrini Rusiya ilə qarşıdurmanı dərinləşdirməkdə ittiham edib. NATO və Aİ rəsmiləri isə bu iddiaları rədd edərək, alyansın müdafiə xarakterli təşkilat olduğunu vurğulayırlar.







