Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüş keçirib.
EDnews xəbər verir ki, görüş İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində baş tutub.
Görüş zamanı Parlament İttifaqının təşkilata üzv dövlətlərin qanunverici orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi və mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanıb. Həmçinin, konfransın Milli Məclisin evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.
Tərəflər parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Sahibə Qafarova parlament sədrləri və deputatlar arasında qarşılıqlı səfər və təmasların əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının üçtərəfli formatda görüşlərinin keçirilməsinin əhəmiyyəti də vurğulanıb.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib. Ziya Öztürkler göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
.jpeg)

.jpeg)
.jpeg)








