Azərbaycanda növbəti tədris ilindən etibarən attestat və diplomlar tam elektron formatda təqdim ediləcək.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-2026-cı tədris ilindən başlayaraq təhsil haqqında dövlət sənədləri kağız daşıyıcı ilə yanaşı, elektron qaydada da formalaşdırılacaq.
Məlumata əsasən, yeni qaydalara uyğun olaraq attestat və diplomlar Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərindən elektron formatda hazırlanacaq. Sənədlərdə əks olunan məlumatlar isə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə ediləcək.
Qeyd olunub ki, yenilik nəticəsində məzunlar təhsil sənədlərini şəxsi elektron kabinetləri vasitəsilə istənilən vaxt əldə edə, elektron formada paylaşa, eləcə də zərurət yarandıqda çap edərək istifadə edə biləcəklər.






