Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasında yeni çağırış parlamentdə vəzifə bölgüsü ilə bağlı müzakirələr başlayıb.
EDnews xəbər verir ki, bu barədə “Sputnik Armenia” “Hraparak” qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, parlament fraksiyasının rəhbəri postuna partiya aparatının rəhbəri Arusyak Manavazyanın namizədliyi müzakirə olunur. Bildirilir ki, o, partiyanın maliyyə məsələlərinə nəzarət edir və Ermənistanın baş naziri Nikol Paşinyanın ən etibarlı şəxslərindən biri hesab olunur.
Eyni zamanda, kulislərdə Paşinyanın fraksiya rəhbəri vəzifəsində keçmiş səfir Lilit Makuntsu görmək istədiyi barədə də fikirlər səslənir.
Qəzet yazır ki, Makunts əvvəlcə parlament sədri postuna namizəd kimi nəzərdən keçirilsə də, bu vəzifənin Ruben Rubinyana veriləcəyi gözlənilir.
Hakim komandada Rubinyanın seçiminin əsasən xarici amillərlə bağlı olduğu bildirilir. Onun Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə kimi fəaliyyəti bu qərarda əsas səbəblərdən biri kimi göstərilir.
Bundan başqa, “Vətəndaş müqaviləsi” daxilində Andranik Koçaryanın müdafiə komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılması və onun yerinə hazırkı müavini Armen Xaçatryanın təyin olunması ehtimalı da müzakirə edilir.
Aytac Kərimova | EDnews
.jpg)





