Azərbaycanla Karib hövzəsində yerləşən Dominikan Respublikası arasında diplomatik təhsil və akademik sahədə əməkdaşlıq gündəmə gəlib. Bu istiqamətdə ilk təşəbbüs Azərbaycanın Kubadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev tərəfindən atılıb.
EDnews xəbər verir ki, səfir Ruslan Rzayev Dominikan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik və Konsul Hazırlığı üzrə Ali Təhsil İnstitutunun (NESDYC) səfiri-rektoru Xose Rafael Espaillat ilə görüş keçirib. Görüş zamanı hər iki ölkənin diplomatik təhsil müəssisələri arasında akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə elmi tədbirlərin təşkili kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan səfirliyi görüşlə bağlı X sosial şəbəkəsində paylaşım edərək bildirib:
“Səfir Ruslan Rzayev Dominikan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik və Konsul Hazırlığı üzrə Ali Təhsil İnstitutunun səfiri-rektoru Xose Rafael Espaillat ilə görüşüb, burada hər iki ölkənin xarici xidmət institutları arasında akademik əməkdaşlıq məsələləri müzakirə edilib.”
Səfər çərçivəsində səfir Ruslan Rzayev həmçinin Dominikan Respublikasının xarici siyasət nazirinin müavini Fransisko Karaballo ilə də görüş keçirib. Tərəflər ikitərəfli münasibətlər, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən təhsil, turizm və mədəniyyət sahələrində potensial imkanları nəzərdən keçiriblər.
Bu cür diplomatik və akademik təşəbbüslər iki ölkə arasında münasibətlərin dərinləşdirilməsində mühüm rol oynaya bilər.
Fatimə Şükürova // EDnews