Xəbər verdiyimiz kimi, Çinin Yunnan əyalətində tarixi məscidin günbəzinin dağıdılacağı iddiasından sonra müsəlmanlar küçələrə axışıb. 13-cü əsrə aid Najiaying məscidinin günbəzinin sökülməsinə mane olmaq istəyən camaat məscidin girişində keşik çəkməyə başlayıb.
Bu barədə Ednews-a şərh bildirən ilahiyyatçı Tural İrfan bildirdi ki, Çində ümumiyyətlə, müsəlmanlara basqı var. Hətta soyqırım hesab olunacaq qırğınlar törədilir:
“Müsəlman dövlətlər, İslam Konfransı Təşkilatı üzvləri ölkələr buna kəskin etiraz etməlidirlər. Bəziləri Çinlə iqtisadi və digər əlaqələrə sahib olduğu üçün susurlar. İran kimi ölkələr isə demək olar ki, Çinin bu soyqırımları törətməsinə hətta dəstək verir. Çünki Çin müsəlmanları sünnidir və İran da təriqətçi bir rejimdir. Məscidlər dağıdılır, müsəlmanlara zülm olunur. Əsasən də türk əsilli müsəlmanlar daha ciddi təziqə məruz qalır. Çindəki müsəlmanlar əsir kimi yaşayır. Buna ancaq müsəlman dövlətləri və beynəlxalq təşkilatlar münasibət bildirməlidirlər”.
Xatırladaq ki, 2014-cü ildən Çin hökuməti tərəfindən Orta Asiyanın onlara bağlı ərazisində, yəni Sincan Uyğur muxtar bölgəsi (Xinjiang Uighur Autonomous Region – XUAR) deyilən inzibati bölgədə yerli əhali olan uyğurlara, qazaxlara və sair müsəlman azlıqlara qarşı həyata keçirilən təzyiqlər, insan hüquqlarının pozulması hallarına dair məlumatlara dünya mediasında mütəmadi olaraq yer verilir. Əsas etibarilə uyğur vs. müsəlman vətəndaşların kütləvi şəkildə “terrorçuluğa və separatçılığa qarşı mübarizə”, “siyasi təlim”, “peşə təlimi”, “Çin dilini öyrətmək” adı ilə bu məqsədlə 2016-cı ildən tikilmiş xüsusi toplama düşərgələrində saxlanılaraq müxtəlif cismani və mənəvi işgəncələrə, təhqirlərə, pis rəftara məruz qaldıqları bildirilir. Bu məsələ həmçinin rəsmi səviyyədə, yəni ayrı-ayrı Qərb dövlətlərinin, beynəlxalq təşkilatlarının qəbul etdikləri rəsmi sənədlərdə əksini tapıb.
Oğuz