Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ABŞ lideri Donald Trampa avqustun 1-dən respublikadan gedən mallara 25%-lik rüsumun tətbiqi ilə əlaqədar cavab məktubu göndərib.
“EDnews” xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Tokayev dialoqa hazır olduğunu təsdiqləyib və kompromis əldə olunacağına əmin olduğunu bildirib:
"Qazaxıstan Prezidenti ölkəmizin ticarət məsələlərinin rasional həllinin inkişafı məqsədilə konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib. Qasım-Jomart Tokayev ticarət problemində kompromis əldə olunacağına əminliyini ifadə edib.
Dövlət başçısı vurğulayıb ki, Qazaxıstan Amerika Birləşmiş Ştatlarının uzunmüddətli ticarət və investisiya tərəfdaşı kimi ədalətli, proqnozlaşdırıla bilən, qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiqdir”.