ABŞ–İran arasında əldə olunduğu bildirilən razılaşma uzunömürlü olmayacaq.
Regionda gərginliyin azalacağı ilə bağlı gözləntilər yaratsa da, ekspertlər sənədin icrası ilə bağlı ciddi sualların qaldığını düşünür.
Politoloq Elxan Şahinoğlu EDnews-a açıqlamasında razılaşmanın uzunömürlü olub-olmayacağını şübhə altına alıb.
“ABŞ ilə İran arasında bu razılaşmanın uzunmüddətli olacağı ilə bağlı məndə ciddi suallar var. Çünki bir sıra məsələlər hələ də açıq və həssas olaraq qalır.
Məsələn, İranın uranın zənginləşdirilməsindən imtina etməsi məsələsi. Buna kim və necə nəzarət edəcək? Daha əvvəl də belə bir razılaşma olmuşdu, lakin sonradan həmin razılaşma pozuldu və İranın uranı yenidən zənginləşdirdiyi ilə bağlı şübhələr artdı.
Digər tərəfdən, Livanla bağlı müddəalar da var və onların icrası kifayət qədər çətin görünür. Məsələn, əgər Hizbullah İsrailə raket zərbəsi endirərsə, İsrail dərhal Livan ərazisinə cavab zərbələri endirəcək. Belə vəziyyətdə İranın prosesə qoşulması ehtimalı yaranır və İran İsrailə zərbə vurarsa, ABŞ-ın bu məsələdən kənarda qalması çətin olacaq. Yəni burada kifayət qədər ciddi risklər mövcuddur.
Bundan əlavə, İranın əsas tələblərindən biri dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılmasıdır. ABŞ-ın bunu nə dərəcədə və hansı müddətdə həyata keçirəcəyi də sual altındadır.
Amma hər halda hazırda müəyyən sabitliyə ehtiyac var. Heç olmasa, regionda xüsusilə Hörmüz boğazı ətrafında yaranmış gərginliyin azalması neft qiymətlərinə müsbət təsir göstərə bilər. Hətta razılaşmanın bəzi bəndləri həyata keçirilsə belə, bunu müəyyən uğur kimi qiymətləndirmək mümkündür.
Lakin gələcəkdə proseslərin necə inkişaf edəcəyini indidən söyləmək çətindir. Çünki həllini gözləyən ciddi məsələlər hələ də çoxdur".







