İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi ABŞ Prezidenti Donald Trampın Vaşinqtonla Tehran arasında sülh sazişinin əldə olunduğunu açıqlamasını ABŞ üzərində qələbə kimi qiymətləndirib.
EDnews xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Biz Amerika üzərində qələbə qazandıq. Hərbçilərimiz hər zaman barmağını tətikdə saxlayacaq”, — deyə iranlı diplomat bildirib.
Qaribabadi vurğulayıb ki, Tehranla Vaşinqton arasında əldə olunan razılaşma ABŞ-a etimad anlamına gəlmir. Onun sözlərinə görə, saziş “tam etimadsızlıq şəraitində” hazırlanıb.
İran XİN rəsmisi əlavə edib ki, Tehran ABŞ tərəfinin üzərinə götürdüyü öhdəliklərin icrasını diqqətlə izləyəcək.
Qeyd edək ki, iyunun 14-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunduğunu təsdiqləyib. O, Hörmüz boğazının maneəsiz açılmasına və İran İslam Respublikasına qarşı dəniz blokadasının dərhal aradan qaldırılmasına icazə verildiyini bildirib.







