ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə son qoyulmasını nəzərdə tutan sazişin imzalanma mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı hələ yekun qərar vermədiyini bildirib.
EDnews xəbər verir ki, bu barədə Tramp Fransa Prezidenti Emmanuel Makronla birgə çıxışı zamanı jurnalistlərin suallarını cavablandırarkən qeyd edib:
“Bu, vəziyyətdən asılıdır. Ola bilər ki, iştirak edim, ola da bilər ki, etməyim”, – deyə ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, mərasimdə ABŞ-ni vitse-prezident Ceyms Devid Vens təmsil edə bilər.
“Cey. Di. Vens bunun üçün gələcəkdi”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti İranla əldə olunan razılaşmanı müsbət qiymətləndirsə də, onun uğurla nəticələnəcəyinə tam zəmanət verməyib.
“Ümid edirəm ki, anlaşacağıq. Əgər alınmasa, başladığımız nöqtəyə qayıdacağıq”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, tərəflər arasında əldə olunan razılaşmanın gələcək taleyi qarşıdakı mərhələdə atılacaq addımlardan asılı olacaq.







