Dünya liderləri "Yeddilik Qrupu" - G7 sammitində iştirak etmək üçün Fransanın Evian şəhərinə gəlirlər.
EDnews xəbər verir ki, üç günlük sammit Yaxın Şərqdə mühüm diplomatik proseslərin fonunda keçiriləcək.
Belə ki, ABŞ və İran arasında danışıqlar üçün 60 günlük pəncərə açan çərçivə razılaşmasının əldə olunduğu bildirilir.
ABŞ Prezidenti Donald Trampın bazar ertəsi G7 ölkələrinin - Fransa, Kanada, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri ilə danışıqlar aparmaq üçün sammitə qatılacağı gözlənilir.
Tədbirdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta da iştirak edəcəklər.
Sammitə G7 ölkələrindən kənar bir sıra liderlər də dəvət olunub. Onlar arasında Ukrayna Prezidenti Volodimir Zelenski, Hindistanın Baş naziri Narendra Modi, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, həmçinin Cənubi Koreya, Keniya və Misir liderləri yer alır.
Bundan başqa, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın da tədbirdə iştirakı gözlənilir.
Sammit Fransa Prezidenti Emmanuel Makron üçün xüsusi əhəmiyyət daşıyır. Onun gələn il vəzifədən ayrılacağı, Fransa Konstitusiyasına əsasən isə ardıcıl üçüncü müddətə namizəd ola bilməyəcəyi nəzərə alınarsa, bu, Makronun Fransa Prezidenti kimi qatılacağı son G7 sammiti olacaq.
Tədbirlər bazar ertəsi Makron və Tramp arasında ikitərəfli görüşlə başlayacaq. Axşam saatlarında isə liderlər təşkilatçıların “əsas beynəlxalq çağırışlar” adlandırdığı mövzuya həsr olunmuş şam yeməyində bir araya gələcəklər.
Günün əvvəlində Ursula fon der Leyen və Antonio Koşta birgə mətbuat konfransı keçirəcəklər.
Çərşənbə axşamı sammitin əsas mövzusu beynəlxalq təhlükəsizlik olacaq. Liderlər Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün Zelenski ilə görüşəcək, sonra isə Körfəz ölkələrinin liderləri ilə birlikdə Yaxın Şərqdəki böhrana diqqət ayıracaqlar.
Sammitin son günündə iqtisadi artım və süni intellekt məsələləri gündəmdə olacaq.
Liderlərin "OpenAI" şirkətinin baş icraçı direktoru Sem Altman da daxil olmaqla, süni intellekt sahəsinin aparıcı nümayəndələri ilə işgüzar naharda iştirak etməsi planlaşdırılır.
Makronun sammiti çərşənbə günü günortadan sonra keçirəcəyi mətbuat konfransı ilə yekunlaşdıracağı gözlənilir. Tramp da daxil olmaqla, digər liderlərin də mətbuat qarşısına çıxacağı bildirilir.
Aytac Kərimova | EDnews







