Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib.
EDnews xəbər verir ki, qərarı Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev imzalayıb.
Bildirilib ki, qadağa daxili bazarın sabitliyini təmin etmək məqsədi daşıyır. Yeni qərarla xam neft, benzin, dizel yanacağı və digər neft məhsullarının avtomobil və dəmir yolu ilə bütün istiqamətlər üzrə ixracı dayandırılıb.
Mazut və soba yanacağı istisna təşkil edir. Bu məhsullar yalnız Nazirlər Kabinetinin ayrıca qərarı ilə ixrac oluna bilər.
Qadağa daxili bazar tam təmin edilənədək və ya Avrasiya İqtisadi İttifaqında vahid neft bazarı formalaşanadək qüvvədə qalacaq.
Eyni zamanda, Qırğızıstan yanacağın ölkəyə idxalı ilə bağlı əvvəlki məhdudiyyətləri ləğv edib.






