Müəllif: Aytac Kərimova
Hindistan və Pakistan arasındakı münasibətlər son onilliklərin ən mürəkkəb və təhlükəli geosiyasi qarşıdurmalarından biri hesab olunur. Bu iki ölkə arasında yaşanan gərginlik sadəcə regional sərhədlərlə məhdudlaşmır, həm də qlobal təhlükəsizlik sisteminə birbaşa təsir edir. Əsas münaqişə mövzusu olan Kəşmir problemi, iki ölkəni bir neçə dəfə müharibənin astanasına gətirib çıxararaq, zaman-zaman beynəlxalq aktorların müdaxiləsini zəruri edib. Bunların hər biri və hazırki vəziyyət, münaqişənin kəskinləşib, regional müharibədən çıxaraq, Üçüncü Dünya Müharibəsi riskinə qədər apara biləcəyi kimi fəlakət ssenariləri yaradır. Bu isə sözügedən münasibətlərin dərinliyinə enib, kökünü müəyyən etməyə əsas verir.
Hindistan və Pakistan necə yarandı?
Zaman 1947-ci ili göstərir, məkan isə Cənubi Asiyanı...
Belə bir dövrdə və məkanda xəritənin oxu Britaniya Hindistanının üzərində dayanmışdı. Bu ərazi, Britaniya imperiyasının hakimiyyətində idi və özündə bir neçə əraziləri cəmləyirdi. Onların sırasında günümüzün iki nüvə nəhəngi də yer alırdı. Söhbət təbii ki də İndus adından gələn Hindistan və "paklar diyarı" mənasını ifadə edən Pakistandan gedir.
Bu ölkələr 1947-ci ilə qədər Britaniya Hindistanının tərkibindəyaşayırdılar. Lakin bu tarixdə hər şey dəyişdi. 20-ci əsrdə Mahatma Qandi, Cavaharlal və Məhəmməd Əli Cinnah kimi liderlərin başçılıq etdiyi Britaniya müstəmləkəsi olan Hindistanda müstəqillik mübarizəsi geniş vüsət aldı. Mübarizənin nəticəsi olaraq, müstəqillik əldə edildikdə, ölkənin iki ən böyük dini qrupu, müsəlmanlar və hindular bir yerdə yaşaya bilmədilər. Beləcə, sözügedən iki ölkə mövcud oldu. Hindistan özünü dünyəvi dövlət elan etdi, Pakistanda isə İslam dini dövlət dini elan olunsa da, konstitusiya bütün dinlərə sitayiş edən insanlara azadlığı təmin olundu. Bununla yanaşı, bu iki dövlət, nə qədər fərqli olsalar da, onları oxşar mədəniyyətlər birləşdirirdi. Bu isə Böyük Monqol İmperiyası dövründən miras qalan mədəniyyət idi. Artıq onların arasında əldə olunan müstəqilliyin ardınca, səssizlik gözlənilirdi. Lakin belə bir hal müşahidə olunmadı. Belə ki, bu dövrdə Hindistan dövləti və Pakistan arasında gərginliklər daha da dərinləşməyə başladı. Tərəflər arasında münaqişə səbəbi isə Kəşmir bölgəsi oldu.
Kəşmir strateji, su resursları baxımından zəngin, əhalisinin əksəriyyəti müsəlman olan, lakin Hindistanın nəzarətində qalan ərazi kimi daim mübahisə predmeti olub. 1947-ci ildə Britaniya Hindistanı parçalandıqdan sonra Kəşmir knyazlığı da öz "gələcəyini" müəyyən etməli idi. Əhalisinin əksəriyyəti müsəlman olan Cammu və Kəşmir bölgəsinin hind knyazı Hari Sinkx Hindistana birləşmə qərarı verdi. Bu qərar Pakistanın narazılığına səbəb oldu və nəticədə 1947-1948-ci illərdə ilk Hindistan-Pakistan müharibəsi başladı. Müharibənin sonunda BMT-nin vasitəçiliyi ilə atəşkəs əldə olundu və bölgə faktiki olaraq iki hissəyə bölündü:
Hindistanın nəzarətində olan Cammu və Kəşmir, Pakistanın nəzarətində isə Azad Kəşmir və Gilgit-Baltistan bölgələri. Lakin bu bölünmə problemin həllindən çox, onun dərinləşməsinə səbəb oldu. Növbəti illərdə bu ölkələr arasında müxtəlif zamanlarda bir neçə yeni münaqişələr özünü göstərdi.
1965-ci il müharibəsi, iki ölkə arasındakı ikinci böyük qarşıdurma idi. Pakistan “Cibraltar əməliyyatı” ilə Hindistan nəzarətindəki Kəşmirdə qiyam yaratmağa çalışdı. Lakin Hindistanın əks-hücumları nəticəsində hərbi qarşıdurma genişmiqyaslı müharibəyə çevrildi. Nəticədə minlərlə insan həyatını itirdi və böyük itkilər yaşandı. Belə bir təhlükənin qarşısını almaq istəyən ABŞ və SSRİ-nin təzyiqi ilə Taşkent razılaşması imzalandı və hər iki tərəf öz mövqelərinə geri döndü. Vaxt XX əsrin 70-ci illərini göstərəndə isə 1971-ci il müharibəsi baş verdi.
Bu, əsasən Şərqi Pakistan (indiki Banqladeş) ətrafında baş versə də, Hindistan-Pakistan münasibətlərinə ciddi təsir göstərdi. Hindistanın qələbəsi ilə nəticələnən müharibədən sonra Şərqi Pakistan müstəqil Banqladeşə çevrildi. Belə bir məğlubiyyət, Pakistanın Hindistana qarşı psixoloji və strateji zəifliyini daha da artırdı. Növbəti böyük toqquşma isə 1999-cu ildə-Kargil müharibəsi ilə baş tutdu. Pakistan ordusunun dəstəklədiyi yaraqlılar Hindistanın Kargil bölgəsindəki strateji yüksəklikləri ələ keçirməyə çalışdılar. Ordunun güclü cavabı nəticəsində Pakistan geri çəkilməyə məcbur oldu. Bu müharibə iki nüvə dövlətinin açıq qarşıdurmaya girdiyi nadir hallardan biri idi və dünya ictimaiyyətində böyük narahatlıq doğurdu.
Kəşmir həm də Hindistan və Pakistan arasında davamlı gərginliyin və atəşkəs pozuntularının əsas məkanıdır. LoC (Line of Control – Nəzarət Xətti) boyunca tez-tez baş verən toqquşmalar, minaatan hücumları və snayper atəşi insan tələfatına və mülki əhali arasında qorxuya səbəb olur. Eyni zamanda, bölgədə yerləşən Siaçen buzlağı dünyanın ən yüksək nöqtəsində davam edən hərbi qarşıdurmalardan biridir. 1984-cü ildən bu yana Hindistan və Pakistan bu bölgədə daim hərbi hazır vəziyyətdədir. Bundan əlavə, LoC boyunca mütəmadi atəşkəs pozuntuları, snayper hücumları və minaatanlarla qarşılıqlı atışmalar baş verir.
Bunların hər biri onu deməyə əsas verir ki, Hindistan və Pakistan arasında münasibətlər dinamik, dəyişkən xarakterə malik olan, müasir geosiyasi reallıqlar fonunda davam edən bir qarşıdurmadır. Kəşmir problemi, bu iki nüvə dövlətinin münasibətlərində ən əsas gərginlik nöqtəsi olaraq, digər münaqişələr üçün zəmin rolunu oynayıb və istənilən anda alovlana biləcək potensiala malikdir. Təbii ki də sözügedən ölkələr arasındakı gərginlik səngimədən, XXI əsrdə də öz axarı ilə davam etdi.
Elə 2001-ci il belə bir proses üçün zəmin oldu. Belə ki, 2001-ci il 13 dekabr tarixində Hindistan Parlamentinə edilən terror hücumu, bu ölkələr arasında son dərəcə təhlükəli bir eskalasiyanın başlanğıcı oldu. Hücum nəticəsində bir neçə təhlükəsizlik əməkdaşı və hücumçular həlak oldu. Hindistan bu terror aktının arxasında Pakistan ərazisində fəaliyyət göstərən "Lashkar-e-Taiba" və "Jaish-e-Mohammed" kimi yaraqlı qrupların dayandığını iddia etdi və nəticə etibarilə, Hindistan ordusu qarşı tərəf ölkənin sərhədinə doğru irəliləməyə başladı, iki ölkə 1 milyona yaxın hərbçini sərhədə cəmləşdirdi. Jər zaman olduğu kimi bu gərginlik də beynəlxalq aləmdə, xüsusilə də ABŞ və digər böyük dövlətlər tərəfindən diqqətlə izlənildi. 2002-ci ilin ortalarında diplomatik və hərbi vasitəçilik səyləri nəticəsində müharibə təhlükəsi aradan qaldırıldı. Lakin bu hadisə, iki ölkə münasibətlərinin hansı həssas və partlayışa hazır zəmin üzərində dayandığını göstərdi. 2008-ci ildə Mumbayda baş verən dəhşətli terror aktları yenidən Hindistan-Pakistan münasibətlərini dondurdu. 2010-cu illərin əvvəllərində isə hər iki dövlətdə yeni hökumətin seçilməsi ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə şərait yaratmışdı. Belə bir "sükut" sevinci çox çəkmədi. 2016 və 2019-cu illərdə Kəşmir bölgəsi birdaha qarşıdurma nöqtəsi olduğunu nümayiş etdirdi. Sözügedən 2016-cı ilin sentyabrı Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən Uri hərbi bazasına silahlı hücumun təşkil olunmaaı ilə yadda qalıcı oldu. Belə bir hücum nəticəsində Hindistan ordusunun 19 əsgəri həlak oldu. Bu hadisədən sonra Hindistan hökuməti hücumun Pakistan ərazisindən gələn yaraqlılar tərəfindən törədildiyini bildirdi və buna cavab olaraq "cerrahi zərbələr" adlandırılan xüsusi əməliyyat keçirdi. Hindistan hərbi təyyarələri və xüsusi qüvvələri Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsində yerləşdiyi iddia edilən terror düşərgələrini hədəfə aldı. Bu, Hindistanın ilk dəfə açıq şəkildə belə bir əməliyyatı etiraf etməsi idi və bu, həm regional, həm də beynəlxalq müstəvidə ciddi rezonans doğurdu. Pakistan isə Hindistanın iddialarını rədd etdi və bu cür əməliyyatın baş vermədiyini bildirdi. Lakin fakt budur ki, münasibətlər yenidən kəskin şəkildə gərginləşdi və hər iki ölkə müharibə ritorikasına qayıtdı. 2019-cu ilin fevralına gəldikdə isə, bu ölkələrin taleyi üçün təhlükəli mərhələlərdən biri idi. Bu zaman Pulwama bölgəsində Hindistanın hərbi konvoyuna qarşı intihar hücumu təşkil olundu və birdaha 40-dan çox hind hərbçisi həyatını itirdi. Hücumun məsuliyyətini "Jaish-e-Mohammed" adlı Pakistan mənşəli terror təşkilatı öz üzərinə götürdü. Bu, Hindistan ictimaiyyətində və siyasi dairələrində böyük hiddət doğurdu. Bu hiddət, qarşı tərəfi cavabsız qoya bilməzdi və cavab olaraq Hindistan Hərbi Hava Qüvvələri Pakistanın Balakot şəhəri yaxınlığında yerləşdiyi iddia edilən terror təlim düşərgələrinə hava zərbəsi endirdi. Bu hadisə müasir tarixdə ilk dəfə idi ki, iki nüvə silahlı ölkə bir-birinin hava məkanına bu qədər açıq şəkildə müdaxilə edirdi. Pakistan da cavab olaraq Hindistan hərbi təyyarələrini vurdu və bir pilot – Abhinandan Varthaman – əsir götürüldü. Lakin çox keçmədi, elə bir neçə gün sonra pilotun sərbəst buraxıldı. Bununla yanaşı, beynəlxalq vasitəçilik sayəsində eskalasiya dayandırıldı. Bu hadisələr Kəşmir məsələsinin dinc yolla həll olunmaması, terror hücumları və hərbi cavablar fonunda iki ölkə arasında davamlı sabitliyin təmin olunmasının çox çətin göründüyünü bir daha bəyan etdi. Sözügedən münasibətlərdə beynəlxalq qüvvələrin, eləcə də Azərbaycan müəyyən rola malikdir.
Münaqişələrin izlənilməsi: Beynəlxalq güclərin rolu və Azərbaycanın mövqeyi
Hindistan və Pakistan arasında yaşanan bu davamlı qarşıdurmalar beynəlxalq aləmdə də daim diqqət mərkəzində olub yalnız regional təhlükəsizlik məsələsi kimi deyil, eyni zamanda qlobal geosiyasi balans üçün də ciddi risk daşıyır. Belə bir vəziyyətdə böyük güclərin-ələlxüsus da, ABŞ, Rusiya, Çin və Avropa İttifaqının – rolu həlledici xarakter rolunu oynayır. İlk olaraq ABŞ ilə Qərbin illər ərzində yürütdükləri ikili siyasətini qeyd etmək lazımdır. Belə ki, Hindistan daima ABŞ üçün bir növ Çin qarşısında mühüm strateji tərəfdaş kimi olub texnoloji, hərbi və diplomatik dəstəkləti alıb və alır da. Buna baxmayaraq, ABŞ Pakistanla da təhlükəsizlik və antiterror əməkdaşlığını davam etdirir. Pulwama hücumundan sonra ABŞ və bəzi Avropa ölkələri Hindistanı dəstəkləyən bəyanatlar versələr də, eyni zamanda tərəfləri təmkinli olmağa çağırdılar.
Söylənilənlərə bariz nümunə olaraq Pulwama hücumunu demək mümkündür. Belə bir hücumdan sonra ABŞ Hindistanın özünü müdafiə hüququnu dəstəklədiyini bəyan etsə də, eyni zamanda tərəfləri təmkinə çağıraraq bölgədə eskalasiyanın qarşısını almağa çalışdı. Çin isə Pakistanla sıx iqtisadi və hərbi əməkdaşlıq içindədir. "Çin-Pakistan İqtisadi Dəhlizi" layihəsi Pekinin İslamabadla münasibətlərini daha da dərinləşdirib. Lakin Çin Hindistanla sərhəd mübahisələri fonunda, bu qarşıdurmalarda bəzən dolayı dəstək mövqeyində çıxış edir.
Bir də hər iki ölkə ilə münasibətlərini qorumağa çalışan ölkə var ki, bu Rusiyadır. Ənənəvi olaraq Hindistanla güclü hərbi və iqtisadi əlaqələri olsa da, son illər Pakistanla da əməkdaşlıq etməyə başlayıb. İki ölkə arasında bir sıra hərbi təlim, əməkdaşlıqlar qarşılıqlı əlaqələrin göstəricisidir. Bu da onu deməyə əsas verir ki, Çinlə Rusiya nə qədər fərqli olsalar da, mövqe baxımdan ziddiyyətsizdirlər.
Azərbaycanın mövqeyinə gəlincə isə, ölkə Pakistanla sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu dostluq təkcə diplomatik ritorika ilə məhdudlaşmır, həm də real siyasi və hərbi dəstəyə əsaslanır. 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi açıq dəstək, bu münasibətlərin səviyyəsini ortaya qoydu. Öz növbəsində, Azərbaycan da Pakistanın ərazi bütövlüyü və Kəşmir məsələsində haqlı mövqeyini anlayışla qarşılayır. Belə ki, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüquq və suverenlik prinsipinə əsaslanır. Kəşmir məsələsində Bakı tərəfləri dinc danışıqlara və BMT qətnamələri çərçivəsində sülhə çağırır. Eyni zamanda, Azərbaycanın özünün də separatizmə qarşı apardığı mübarizə kontekstində Pakistanın bəzi narahatlıqları ona tanışdır. Bu isə siyasi baxışlarda empatiya və paralellik yaradaraq, iki dövlət arasında həmrəyliyi gücləndirir.
Hindistan-Pakistan münasibətlərindən bəhs ediriksə, BMT və təşəbbüslərini qeyd etmədən olmaz. Belə ki, 1948-ci ildən iki ölkə arasındakı münasibətlər və Kəşmir məsələsi BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) gündəmindədir. Təhlükəsizlik Şurasının qətnamələri, bu dövrlər ərzində bir neçə dəfə Cammu və Kəşmirdə referendum keçirilməsini tövsiyə etsə də, bu, heç vaxt baş tutmayıb. Hazırda isə, BMT-nin indiki dövrdə rolu daha çox tərəfləri diplomatik masa arxasına çəkmək və humanitar vəziyyətin gərginləşməməsinə yönələn istiqamətdədir.
Sözügedən iki ölkə arasında münasibətlərin kəskinləşdiyi dövrdən, bu günə qədər hakimiyyətdə baş verən dəyişikliklərin və qlobal güclərin səyləri nəticəsində müəyyən dövrlərdə gərgin əlaqələr üçün nisbi sakitlik müşahidə olunsa da, lakin tam olaraq münaqişə öz həllini tapmayıb. Elə bu gün kimi...
Belə ki, aprelin 24-də Cəmmu və Kəşmir vilayətində 26 turistin həyatını itirdiyi silahlı hücum, sözügedən ölkələr arasında sönmüş ocaqları alovlandırdı. Nəticə etibarilə Hindistan, baş verənlərə görə Pakistanı ittiham edərək, hava nəqliyyatını, ticarəti dayandırıb, diplomatik münasibətlərin səviyyəsini endirdi. Eləcə də ölkədəki səfirliyinin əməkdaşlarının sayını yarıbayarı azaltdı. Cavabında isə Pakistan, hindistanlı hərbi məsləhətçiləri ölkədən çıxarıb, qarşı tərəfin aviaşirkətlərinə öz hava məkanını bağladı. Belə bir şəraitdə hər iki tərəfin nümayəndələri müharibə ehtimalından da yan keçmədilər, onlar çıxışları zamanı yaxın günlərdə bu təhlükənin baş verə biləcəyini qeyd etdilər. Lakin belə bir münaqişənin baş verməsi yalnız region üçün deyil, qlobal təhlükəsizlik üçün də ciddi təhdidlər doğurur. Münasibətlərin bu şəkildə inkişafı isə həm ölkə, həm də beynəlxalq səviyyədə yeni dinamikaya yol açır.
Aytac Kərimova