Rusiya-Ermənistan münasibətlərində gərginlik açıq təzyiq və istehza mərhələsinə keçib. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanın dənizə çıxışının olmamasına eyham vuraraq ABŞ-dən maye qazı “dəniz yolu ilə” almağı tövsiyə edib. Bu isə siyasi sarkazmla yanaşı, həm də İrəvana ünvanlanmış sərt xəbərdarlıqdır. Moskva açıq şəkildə bildirir ki, Ermənistan Qərbə inteqrasiya kursunu dərinləşdirdikcə, Rusiyanın verdiyi iqtisadi güzəştlərin, ələlxüsüus da, ucuz qaz siyasətinin davam edəcəyinə arxayın olmamalıdır.
Baş verənlərlə bağlı EDnews-a danışan politoloq Çingiz Şahbazi qeyd edib ki, belə bir açıqlamanın daha geniş siyasi tərəfləri var və onu daha çox siyasi mesaj kimi qiymətləndirmək olar:
"Ermənistanda seçkiöncəsi dövrdə ABŞ rəsmilərinin intensiv səfərləri fonunda Medvedevin baş nazir Nikol Paşinyan və onun komandasının son illər yürütdüyü siyasətə, eləcə də seçki kampaniyasında Qərbyönümlü kursuna qarşı istehzalı fikirlər səsləndirməsi Rusiyanın baxış bucağından tamamilə anlaşılandır. Ermənistan uzun illər Rusiyanın təhlükəsizlik və enerji sistemindən asılı vəziyyətdə olub. Hazırda Ermənistan qazı Rusiyadan ucuz qiymətə, təxminən, 175 dollar civarında alır. Kremlin əsas mesajı isə bundan ibarətdir: əgər siz Qərbə, Avropa İttifaqına yönəlirsinizsə, onda niyə hələ də Rusiya subsidiyaları hesabına yaşayırsınız? Medvedevin Avropa qiymətləri ilə bağlı dedikləri də məhz buna işarədir. O bildirib ki, Avropada qazın qiyməti 570-600 dollar səviyyəsindədir. Bu baxımdan, Ermənistan Avropaya inteqrasiya yolunu seçirsə, eyni iqtisadi şərtlərə də hazır olmalıdır".
Politoloqun fikrincə, bu ritorika, təkcə Medvedevdən gəlmir. Ermənistan son vaxtlar Rusiyadan bu məzmunda çoxsaylı mesajlar alır:

"Aprel ayında da Putin-Paşinyan görüşü zamanı Rusiya prezidenti baş nazir Paşinyana bildirmişdi ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqına, həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına inteqrasiya edə bilməz. Bütün bunları Ermənistanın ABŞ-yə, Avropa İttifaqına və xüsusilə də Fransaya yaxınlaşan Paşinyan hakimiyyətinə qarşı növbəti xəbərdarlıq kimi qiymətləndirmək olar. Moskva hesab edir ki, Paşinyan Ermənistanı KTMT-dən uzaqlaşdırır və Rusiyanın rəqiblərinə daha çox yaxınlaşdırmaq istəyir. Xüsusilə Ukrayna mövzusunda və digər məsələlərdə Ermənistanın əvvəlki neytral xətti getdikcə dəyişməkdədir".
Politoloq vurğulayıb ki, Medvedevin Ermənistanın dənizə çıxışının olmamasına işarə etməsi də təsadüfi deyill:
"O, bununla demək istəyir ki, Ermənistanın alternativ enerji imkanları məhduddur və bu səbəbdən Rusiyadan asılılığı azaltmaq siyasəti real nəticə verməyə bilər. Əslində isə Medvedevin bu açıqlaması şantaj xarakteri daşıyır və hesab edirəm ki, məsələ heç də onun təqdim etdiyi qədər sadə deyil. Medvedevin açıqlamasındakı detallar təkcə Ermənistanla bağlı deyil. Burada Cənubi Qafqaz ümumilikdə nəzərə alınmalıdır. Ukraynadan sonra Cənubi Qafqazda da təsir imkanlarını itirməkdən ehtiyat edən Rusiya Ermənistana sərt siqnallar göndərir".
Politoloq onu da əlavə edib ki, Rusiya Ermənistanla körpüləri tamamilə yandırmaqda maraqlı deyil. Moskva hələ də İrəvana təsir imkanlarını qoruyub saxlamağa ümid edir:
"Əgər münasibətlər daha da gərginləşərsə, ilk növbədə qazın qiymətinin artırılması, qaz nəqlinin məhdudlaşdırılması və ya digər təzyiq addımlarının atılması mümkündür. Lakin bütün bunlar hələ ki baş verməyib. Bu səbəbdən, hazırkı mərhələdə Kreml siyasi mesajlar verməklə İrəvanı çəkindirməyə və psixoloji təzyiq göstərməyə çalışır. Medvedevin “xalq Paşinyanı qovar” məzmunlu mesajı da məhz bu kontekstdə qiymətləndirilməlidir. Şübhəsiz ki, bu, birbaşa Ermənistan daxilində seçkiöncəsi ictimai narazılıq amilindən istifadə etməyə yönəlmiş siyasi mesajdır".
Aytac Kərimova | EDnews


.png)




