İsrail İranla mümkün yeni hərbi qarşıdurmaya hazırlıqlarını gücləndirib.
EDnews-un məlumatına görə, daxili cəbhədə müharibəyə hazırlıq tədbirləri genişləndirilir, eyni zamanda ABŞ-dən alınan yeni yanacaqdoldurma təyyarələrinin ölkəyə çatdırılması diqqət çəkir.
Məlumata görə, İsrailin siyasi və hərbi rəhbərliyi bütün aidiyyəti qurumlara mümkün münaqişə vəziyyətində sürətli səfərbərlik üçün göstərişlər verib. Hərbi mənbələr bildirirlər ki, məqsəd daxili təhlükəsizlik və mülki müdafiə strukturlarının qısa müddətdə tammiqyaslı müharibə rejiminə keçidini təmin etməkdir.
İsrail mətbuatının yazdığına görə, hazırlıq işləri yüksək məxfilik şəraitində həyata keçirilir. Hərbi dairələr hesab edirlər ki, İran gələcək qarşıdurma zamanı daha müasir raket sistemləri və daha sürətli cavab imkanları ilə çıxış edə bilər.
Diqqət çəkən məqamlardan biri də ABŞ istehsalı olan KC-46 yanacaqdoldurma təyyarələrinin İsrail Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsidir. Mütəxəssislərin fikrincə, bu təyyarələr xüsusilə uzaqmənzilli əməliyyatların həyata keçirilməsində mühüm rol oynaya bilər.
Bununla yanaşı, Təl-Əviv Vaşinqton və Tehran arasında aparılan danışıqları da yaxından izləyir. İsrail mediasında yer alan şərhlərdə mümkün ABŞ–İran razılaşmasının ölkənin təhlükəsizlik strategiyasına təsir göstərə biləcəyi vurğulanır.
Ekspertlər qeyd edirlər ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda regionun təhlükəsizlik balansı qarşıdakı dövrdə daha da həssas və qeyri-sabit xarakter ala bilər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Aytac Kərimova | EDnews


.png)




