“Rusiya tərəfindən Ermənistana və bu ölkədə yaşayan ermənilərə qarşı təzyiqlərin artacağı əvvəldən ehtimal olunurdu".
Politoloq Oqtay Qasımov bunu EDnews-a açıqlamasında bildirib. .jpg)
O, əsas səbəbi izah edib:
"Məhz bu təzyiq vasitələrini işə salmaqla Ermənistan cəmiyyətində Paşinyana qarşı narazılığı gücləndirmək və seçkilərdə onun hakimiyyətdən getməsini təmin etmək niyyətləri var. Rusiya açıq şəkildə Ermənistandakı müxalifəti dəstəkləməklə bu prosesi həyata keçirməyi düşünür və hazırda kifayət qədər gərgin seçki kampaniyasının şahidi oluruq. Bu gərginliyin, şübhəsiz ki, seçkilərə qədər davam edəcəyi gözlənilir. Seçkilərin nəticələri bəlli olduqdan sonra isə Rusiyanın siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini daha dəqiq təxmin etmək mümkün olacaq”.
Analitik vurğulayıb ki, əgər Paşinyan devrilərsə və Rusiyanın dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə, Ermənistanda, xüsusilə də ölkənin xarici siyasətində ciddi dəyişikliklər baş verəcək:
“Hazırda seçki prosesində iştirak edən üç əsas blok - Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Çarukyan birbaşa Rusiyaya yaxın qüvvələr kimi çıxış edir və Moskvanın maraqlarını ifadə edir. Lakin Paşinyan qələbə qazanarsa, o zaman Rusiya bu reallığı nəzərə alaraq siyasətində müəyyən dəyişikliklər etməyə çalışacaq. Bununla yanaşı, ehtimallardan biri də odur ki, rusiyayönümlü qüvvələr seçki nəticələrinə etiraz edərək küçə aksiyaları vasitəsilə hakimiyyəti dəyişməyə cəhd göstərəcəklər”.
Politoloqun sözlərinə görə, seçkilərdən sonrakı dövrün müəyyən gərginlik vəd etdiyi də açıq şəkildə görünür. Bu baxımdan, seçkilərin nəticələri Rusiya-Ermənistan münasibətlərində siyasətin konkret istiqamət almasına səbəb olacaq:
“Əgər Rusiyanın dəstəklədiyi namizədlər qalib gəlsələr, ölkə siyasətində ciddi dəyişikliklər baş verəcək. Bir çox məsələlərlə bağlı Paşinyanın imzaladığı sənədlər ya yenidən müzakirəyə çıxarılacaq, ya da onların icrası ləngidiləcək. Paşinyan hakimiyyətdə qalarsa, Rusiya bu reallığı qəbul edərək Ermənistanla münasibətləri davam etdirəcək, lakin eyni zamanda Paşinyan hakimiyyətinə qarşı müəyyən təzyiq vasitələrindən istifadə etməyə çalışacaq. Bu vasitələr sırasında Rusiyadan Ermənistana pul köçürmələrinin məhdudlaşdırılması, Ermənistan mallarının Rusiya bazarına ixracına müəyyən maneələrin yaradılması və ən əsası, Ermənistana verilən qazın qiyməti ilə bağlı dəyişikliklərin edilməsi kimi addımlar yer ala bilər. Bütün bunlar isə təzyiq vasitələri kimi qiymətləndirilir”.
Aytac Kərimova | EDnews


.png)




