Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlanması ilə bağlı məlumatlar yenidən regionda siyasi təhlükəsizlik məsələlərini gündəmə gətirib.
Xüsusilə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik fonunda bu hadisə müxtəlif ehtimalların müzakirəsinə səbəb olub.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə EDnews-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə Rusiyanın birbaşa olaraq Paşinyana qarşı sui-qəsd təşkil etməsi ehtimalı yüksək görünmür:
.png)
“Hazırkı mərhələdə Rusiyanın Paşinyana qarşı sui-qəsd təşkil edəcəyini düşünmürəm”.
Politoloqun sözlərinə görə, Ermənistanın son illərdə Rusiyadan uzaqlaşmağa çalışması və iki ölkə arasında münasibətlərin gərginləşməsi müşahidə olunsa da, Moskvanın hazırda belə radikal addım atacağı inandırıcı görünmür:
“Düşünmürəm ki, Rusiyanın bu mərhələdə Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməsi real ssenaridir. Doğrudur, Ermənistanla Rusiya arasında münasibətlər əvvəlki kimi deyil və müxtəlif siyasi təzyiqlər, sərt bəyanatlar davam edir. Lakin bu, hələlik belə bir addımın atılacağını deməyə əsas vermir.”
“Paşinyan Rusiyanın orbitindən tam çıxarsa, risklər arta bilər”
Məhəmməd Əsədullazadə hesab edir ki, risklərin artması yalnız Ermənistanın Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşacağı halda mümkün ola bilər:
“Əgər Nikol Paşinyan gələcəkdə Rusiyanın orbitində olan təşkilatlardan tam şəkildə çıxmaq qərarı versə, o zaman Moskvanın ona qarşı siyasi, iqtisadi və ya digər təzyiq vasitələrini artırması ehtimalı yarana bilər. Bu baxımdan müəyyən riskləri istisna etmək olmaz.”
“Seçki dövründə təxribat cəhdləri mümkündür”
Politoloq seçki prosesində daha çox təxribat xarakterli addımların mümkün olduğunu bildirib:
“Hazırkı seçki mərhələsində Rusiyanın birbaşa sui-qəsd ssenarisinə əl atacağını düşünmürəm. Lakin Rusiyaya yaxın qüvvələrin və ya müəyyən dairələrin seçki dövründə müxtəlif təxribatlara cəhd göstərməsi ehtimalı mövcuddur”.
“Moskva hələlik hadisələrin inkişafını izləyir”
Ekspertin fikrincə, Rusiya hazırda Ermənistan daxilindəki siyasi prosesləri diqqətlə izləyir və daha çox siyasi təsir mexanizmlərindən istifadə etməyə üstünlük verir:
“Əgər Rusiya Paşinyanı fiziki olaraq aradan götürmək istəsəydi, bunu daha əvvəl də edə bilərdi. Hazırda Moskva hadisələrin inkişafını izləyir. İndiyədək daha çox yumşaq güc və siyasi təsir vasitələrinə üstünlük verilib. Lakin gələcəkdə vəziyyətin necə dəyişəcəyini tam istisna etmək olmaz”.
“Paşinyanın gələcək addımları Moskvanın münasibətinə təsir göstərəcək”
Politoloq vurğulayıb ki, Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişafı əsasən Paşinyan hakimiyyətinin seçkilərdən sonrakı siyasi kursundan asılı olacaq. Onun fikrincə, Ermənistanın Moskvanın təsir dairəsindən daha da uzaqlaşması yeni siyasi gərginliklərə səbəb ola bilər.
Məhəmmədəli Cəlalzadə | EDnews

.png)





