Düşüncə quşun qanadı kimidir; yüksəldikcə azadlaşır, sərhədləri aşır, üfüqləri genişləndirir. Ancaq hər uçuşun bir başlanğıc nöqtəsi, hər qanadın süzüldüyü bir hava məkanı var. Bu gün təəssüf ki, "ifadə azadlığı" və "mizah" anlayışları bəzi dairələr tərəfindən insani dəyərləri tapdalamağı legitimləşdirən bir zireh kimi istifadə olunur. Halbuki unudulmamalıdır ki, azadlıq başqasının ləyaqətinə atılan daşın çatdığı məsafə qədər geniş deyil.
Səhnədə başqa, küçədə başqa hüquqmu var?
Bir komediyaçının mikrofonu, karikaturaçının qələmi və ya televiziya aparıcısının ekranı onları nə Azərbaycan qanunlarından, nə də ümumbəşəri əxlaq prinsiplərindən üstün etmir. Küçədə bir insana edilən təhqir hüquq baxımından cinayət hesab olunursa, eyni sözləri səhnə işıqları altında söyləyib arxasına gülüş effekti əlavə etmək həmin əməlin mahiyyətini dəyişmir. Mizah təhqirin və söyüşün büküldüyü kağız deyil, ola da bilməz.
Əgər sənətin içinə söyüşü, insanın şərəf və ləyaqətinə hücumu, dini inanclara təhqiri və ya milli dəyərlərin alçaldılmasını "mizah" adı ilə yerləşdirirsinizsə, ortada qalan artıq sənət deyil, bir növ "nüfuz sui-qəsdi"dir. Bunun da qanun qarşısındakı yeri bəllidir.
Populizmin ikili standart tərəzisi
Cəmiyyətimizin ən böyük problemlərindən biri odur ki, ədalət tərəzisi ideoloji küləklərin təsiri ilə tarazlığını itirir. Təhqirin hədəfi "bizdən olmayan" biri olduqda bunu alqışlayanların, növbə öz dəyərlərinə çatanda ifadə azadlığından danışması məhz birtərəfli ideoloji yanaşmanın nümunəsidir.
Ədalət yalnız bizə yaxın olanlar üçün qalxan deyil, hər bir insanın şərəf və ləyaqətinin təminatıdır. Bir insana təhqir etməyi siyasi mövqe hesab edənlər, əslində, öz mədəniyyət səviyyələrini həmin uçurumun dərinliklərinə həbs etdiklərinin fərqində deyillər.
Söyüşə söykənən "mizah" heç vaxt mədəniyyət yarada bilməz
Gənc nəslin rəqəmsal platformalarda məruz qaldığı dilin korlanması və səviyyəsiz söyüşlər ifadə azadlığı deyil, mədəni eroziyadır.
Zəkanın işığını deyil, kobudluğun və səviyyəsizliyin qaranlığını nümayiş etdirən belə çıxışlar cəmiyyətə heç nə qazandırmır.
Əsl mizah ustası söyüşlə deyil, zəka ilə, alçaldıcı ifadələrlə deyil, düşündürən satira ilə güc sahibini tənqid edir. Hüquq sənətin düşməni deyil, onun insani çərçivədə icrasının təminatıdır. Hüquqa hörmət edən mizah dəyər itirməz, əksinə, daha sanballı və intellektual səviyyəyə yüksələr.
Məsuliyyət azadlığın qardaşıdır
Nəticə etibarilə, ifadə azadlığı adı altında həyata keçirilən əməllər insanı, ailəni, müqəddəs dəyərləri və ortaq milli dəyərləri hədəfə çevirmək azadlığı demək deyil.
İnsan hüquqları haqqında sənədlər kimlərəsə hücum etmək üçün verilmiş icazə deyil, hər kəsin bir-birinin varlığına və ləyaqətinə hörmət etməsini tələb edən ictimai razılaşmadır.
Məsələləri bir-birinə qarışdırmadan təhqirə deyil, tənqidə; dağıdıcılığa deyil, konstruktiv satiraya üstünlük verməliyik. Çünki azadlıq təkcə qanunlarda yazılan qaydalar deyil, həm də hər birimizin vicdanında daşıdığı məsuliyyətdir.
Unutmayaq: Bir cəmiyyət sənətini və mizahını başqasının şərəf və ləyaqətini alçaltmadan icra edə bildiyi gün həqiqi azadlığa qovuşacaq.
(Türkiyəli jurnalist Mevlüt Yeni)
.png)






