Avqustun 8-də Ağ Evdə imzalanmış tarixi sənəd təkcə Azərbaycan-Ermənistan münaqişəsini bitirmək yox, tərəflər arasında, həmçinin regionda siyasi-iqtisadi əlaqələrin bərpasını da nəzərdə tutur. Ermənistan iqtisadiyyatı hazırda böhran durumundadır, bu baxımdan iqtisadi əlaqələr onlar üçün daha vacibdir.
Tanınmış iqtisadçı alim Zahid Məmmədov “Ednews”a bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr mövcud deyil. Amma tərəflər münaqişəyə qədər Sovet İttifaqının tərkib hissəsində olduqları üçün vahid iqtisadi sistem çərçivəsində fəaliyyət göstəriblər.
“Azərbaycan-Ermənistan iqtisadi əlaqələri baş vermiş münaqişə fonunda uzun illərdir məhdudlaşdırılıb. İki ölkə arasında iqtisadi əlaqələr mövcud deyil. Amma tərəflər münaqişəyə qədər Sovet İttifaqının tərkib hissəsində olduqları üçün vahid iqtisadi sistem çərçivəsində fəaliyyət göstəriblər. Sənaye, kənd təssərrüfatı, ticarət sahələrində qarşılıqlı əlaqələr mövcud olub. Lakin 1988-ci ildən etibarən Dağlıq Qarabağla bağlı yaranmış vəziyyət, Ermənistanın işğalçılıq siyasəti nəticəsində iqtisadi əlaqələr kəsilib. Ağ Evdə imzalanmış sənəd, bu sənəd əsasında gələcəkdə Sülh sazişinin imzalanması iki ölkə arasında iqtisadi əlaqələrin də bərpasına kömək edəcək. Həmçinin, Zəngəzur Dəhlizi də iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayacaq. Bütün bunlar Azərbaycan və Ermənistanda siyasi iradə, regiondakı sabitlikdən asılıdır. ABŞ-nin sülh təminatı burada vacib məqamdır”.
Zahid Məmmədov əlavə edib ki, Ermənistan iqtisadi baxımdan Azərbaycandan çox geridədir. Azərbaycanın isə həm güclü iqtisadiyyatı, həm də zəngin iqtisadi təcrübəsi var. Ermənistan bizim iqtisadi təcrübəmizdən yararlana bilər:
“Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Ermənistanla sərhədlərin açılması, iqtisadi əlaqələrin qurulması üçün Paşinyanla danışıqlar aparıb. Mən düşünürəm ki, Türkiyə-Azərbaycan-Ermənistan üçlü əlaqələrindən Ermənistan çox qazanclı çıxa bilər. Nəzərə alsaq ki, 30 ildən çoxdur Ermənistanın sərhədləri regionun iki güclü ölkəsi - Türkiyə və Azərbaycanla bağlıdır. Bu hal Ermənistanı iqtisadi cəhətdən geri salıb. Azərbaycanın iqtisadi imkanları, təcrübəsi və Türkiyənin regionda sabitlik üçün gördüyü işlər Ermənistanı uzun illərdir özünü saldığı bu bəladan xilas edə bilər”.
Tanınmış iqtisadçı ilkin mərhələdə Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin nələri əhatə edə biləcəyindən də danışıb:
“Logistika, turizim, enerji sahəsində iqtisadi imkanlar var. Nəzərə alsaq ki, Ermənistan enerjidən asılı ölkədir. Bu ölkənin enerji təminatı sıfır durumundadır. Düşünürəm ki, hətta Ermənistanın enerji sektronun idarəsi bütünlüklə Azərbayacan verilə bilər. Bizim bununla bağlı zəngin təcrübəmiz var. Burda xüsusi bir məsələni qeyd edim - SOCAR. Düşünürəm ki, iqtisadi əlaqələr qurulduqdan sonra SOCAR Ermənistanda çox geniş işlər görəcək. Bilirsiniz ki, SOCAR-ın bir çox ölkələrdə layihələri var. Ermənistanda da eynisini edə bilər. Məsələn, bu gün Avropada, bir sıra keçmiş sovet ölkələrində SOCAR-ın yanacaqdoldurma məntəqələri varsa, Ermənistanda niyə olmasın? Ermənistan əlbəttə bunu istəyər.
Kim deyirsə ki, Ermənistana qoyulacaq investisiyalar təhlükə ilə üzləşə bilər, yanılır. İki ölkə arasında sülhün təminatçısı ABŞ-dir, Prezident Donald Trampın Birgə Bəyənnamədə imzası var. Həmin sənəddə Ermənistanın öhdəlikləri var. Mən düşünmürəm ki, bundan sonra da Ermənistanda hakimiyyət dəyişikliyi bu mövzuda nəyisə dəyişsin.
Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan, normal qonşuluq münasibətləri qurmaqdan keçir. Artıq bunu Ermənistanda hamı dərk edir.
Çox təəssüf ki, bəzi qeyri-hökumət təşkilatları uzun müddət Ermənistanla əməkdaşlıqdan danışıblar. Amma anlamırdılar ki, işğalçı ilə əməkdaşlıq mümkün deyildi. Öncə işğala son qoyulmalı idi. Mən baş məruzəçi kimi qatıldığım Polşa İqtisadi Formunda (2016, 2017 və 2018-ci illər) bunu dəfələrlə bildirmişəm”.








