Dünya Bankı "Yaşana bilən Bakı" layihəsinin həyata keçirilməsi üçün 410 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti ayırmağı planlaşdırır.
EDnews xəbər verir ki, layihənin ümumi dəyəri 501,25 milyon ABŞ dolları təşkil edir. Bunun 91,25 milyon ABŞ dollarının Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Bakıda bərk məişət tullantılarının idarə olunması sisteminin modernləşdirilməsi, Zığ, Xocəsən və Böyük Şor gölünün qərb hissəsinin bərpası, həmçinin neftlə çirklənmiş ərazilərin rekultivasiyası həyata keçiriləcək.
Bununla yanaşı, dövlət qurumlarının şəhər mühitinin idarə olunması sahəsində institusional potensialının gücləndirilməsi və layihənin monitorinqinin aparılması da nəzərdə tutulur.
Dünya Bankının məlumatına əsasən, layihənin əsas məqsədi Böyük Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi, ekoloji problemlərin aradan qaldırılması və şəhərin iqlim dəyişikliklərinə qarşı dayanıqlığının artırılmasıdır.
Layihənin 2027-ci ilin fevral ayında təsdiqlənməsi planlaşdırılır.







