Bu gün Bakı şəhəri M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
EDnews “Unikal”a istinadən xəbər verir ki, bu il məktəbi 120 şagird bitirib.
Məzunlardan biri isə Cənubi Koreya vətəndaşı Banseok Eun-jun Hvanqdır.
Onun atası Eun-jun Hvanq ikinci oğlunun “Son zəng” tədbirində maraqlı çıxışı ilə diqqət çəkib.
“Səni hər səhər yuxudan oyatmaq üçün apardığım o böyük müharibə nəhayət ki, bitdi...” - deyə o bildirib.
Tədrisi rus dilində aparılan bölmənin şagirdi olan Banseok Eun-jun Hvanq “Azərbaycan Müəllimi”nə açıqlamasında II sinifdən bu məktəbdə oxuduğunu deyib.
O bildirib ki, uzun illər Bakıda təhsil aldığı üçün özünü burada yad hiss etməyib.
“Məndən əvvəl qardaşım bu məktəbi bitirdi. Biz bu məktəbə gələndə mən II, qardaşım III sinifdə oxuyurdu. O, təhsilini uğurla tamamlayıb və hazırda radiologiya üzrə təhsil alır. Mən də təhsilimi Cənubi Koreyada davam etdirəcəyəm”, - deyə koreyalı məzun qeyd edib.







