İyunun 24-də elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək "Birincilərin birincisi" adına layiq görülən şagirdlərlə görüşüb.
EDnews xəbər verir ki, görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə məlumat veriblər.
Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edərək onların nailiyyətlərini ölkənin intellektual potensialının və təhsil sistemində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricisi kimi dəyərləndirib.
Nazir bildirib ki, yerli və beynəlxalq olimpiadalarda əldə olunan nəticələr Azərbaycan gənclərinin elmə, tədqiqata və bilik yarışlarına marağının ildən-ilə artdığını nümayiş etdirir.
Görüş zamanı olimpiada hərəkatının inkişafı, istedadlı şagirdlərin dəstəklənməsi və onların gələcək akademik inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.










