Əvvəllər ağacların altına tökülərək istifadəsiz qalan şabalıd çiçəklərinin yüksək antioksidant xüsusiyyətlərə malik olduğu müəyyənləşdirilib.
EDnews xəbər verir ki, Türkiyənin Ondokuz Mayıs Universitetinin Əli Nihat Gökyiğit Araşdırma Mərkəzində yetişən şabalıd ağaclarının çiçəkləri elmi tədqiqatlar çərçivəsində toplanaraq dəyərləndirilib.
Universitetin Kənd Təsərrüfatı fakültəsinin Bağçılıq kafedrasının müdiri, professor Ümit Serdar bildirib ki, şabalıd ağaclarının erkək çiçək salxımları tozlanma prosesi başa çatdıqdan sonra yerə tökülür. Bundan sonra çiçəklər yığılır, cökə çiçəyi kimi qurudulur və çay şəklində hazırlanır.
Alimin sözlərinə görə, aparılan laboratoriya tədqiqatlarında şabalıd çiçəyi çayının antioksidant miqdarının şabalıd balı ilə müqayisədə təxminən 50 dəfə yüksək olduğu müəyyənləşdirilib.
Çiçəklərin ağacdan deyil, təbii şəkildə yerə töküldükdən sonra toplanması şabalıdın tozlanmasına, mayalanmasına və bal istehsalına zərər vurmur. Mütəxəssislər məhsulun yağış suyuna məruz qalmadan yığılmasının və uyğun şəraitdə qurudulmasının vacibliyini bildirirlər.
Hazırda əvvəllər tullantı hesab edilən şabalıd çiçəklərinin təbii çay məhsulu kimi istehlakçılara təqdim edilməsi, eləcə də kənd təsərrüfatı istehsalçıları üçün əlavə gəlir mənbəyinə çevrilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, araşdırmanın nəticələri daha əvvəl Ondokuz Mayıs Universitetinin iştirakı ilə aparılan üçillik laboratoriya tədqiqatında da açıqlanıb.
Aytac Kərimova | EDnews







