ABŞ Prezidenti Donald Tramp növbəti tibbi müayinədən uğurla keçdiyini və bütün nəticələrin yüksək qiymətləndirildiyini açıqlayıb.
EDnews xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, hər altı aydan bir keçdiyi Walter Reed Ordu Tibb Mərkəzində növbəti tibbi müayinəsi də uğurla başa çatıb.
"Walter Reed Ordu Tibb Mərkəzində tibbi müayinədən əla keçdim. Bu dəfə həmçinin idrak testindən də keçmək istədim. Mən bunu edən yeganə prezidentəm. Bütün testləri uğurla tamamladım və bütün suallara düzgün cavab verdim", – deyə Tramp qeyd edib.
Prezident əlavə edib ki, onun fikrincə, Vaşinqtonda, o cümlədən haqqında "yalan xəbərlər" yaymaqda ittiham etdiyi "The New York Times" qəzetinin bəzi jurnalistləri belə bu testlərdən uğurla keçə bilməzdi.
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentinin yeni təyyarəsinin təhlükəsizlik baxımından kifayət qədər təchiz olunmadığını iddia edən məqaləyə görə "The New York Times" qəzetinin bir neçə jurnalistini məhkəməyə vermişdi.
Xatırladaq ki, bu ilin may ayında Donald Trampın keçdiyi geniş tibbi müayinənin nəticələrinə əsasən onda hər hansı sağlamlıq problemi aşkarlanmamışdı. Ağ Evin həkimi Şon Barbarellanın açıqladığı rəsmi hesabatda Trampın ABŞ Prezidenti vəzifəsini icra etmək üçün bütün fiziki və əqli tələblərə cavab verdiyi bildirilmişdi.







