2026-cı il FIFA Dünya Çempionatının İngiltərə və Norveç yığmaları arasında keçiriləcək dörddəbir final qarşılaşmasının biletləri təkrar satış bazarında rekord qiymətə təklif olunur.
EDnews xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumata görə, FIFA tərəfindən ilkin olaraq hər biri 1 285 ABŞ dollarına satışa çıxarılan iki bilet hazırda təkrar satış platformalarında 1 milyon dollara qədər qiymətləndirilib.
Bununla yanaşı, eyni platformalarda daha münasib qiymətə təklif olunan biletlər də var. Belə ki, bəzi azarkeşlər 1 285 dollara aldıqları biletləri təxminən 5 min dollara satışa çıxarıblar.
Qeyd edək ki, İngiltərə–Norveç qarşılaşması iyulun 12-də ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşən “Hard Rock” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Bu matç Dünya Çempionatının ən çox maraq doğuran qarşılaşmalarından biri hesab olunur və biletlərə yüksək tələbat onların qiymətinin kəskin artmasına səbəb olub.







