Fransada davam edən güclü isti hava dalğası səbəbindən ölkənin 37 departamentində ən yüksək – qırmızı səviyyəli hava xəbərdarlığı elan olunub.
EDnews xəbər verir ki, bu barədə Fransanın Milli Meteorologiya Xidməti (Météo-France) məlumat yayıb.
Bildirilib ki, ölkənin ümumilikdə 96 departamentindən 37-də qırmızı, daha 59-da isə narıncı səviyyəli xəbərdarlıq qüvvədədir.
Sinoptiklərin proqnozuna əsasən, hazırda bəzi bölgələrdə havanın temperaturu 37 dərəcəyə çatsa da, yaxın günlərdə 41 dərəcəyədək yüksəlməsi gözlənilir.
Qeyd edək ki, son həftələr Avropanın bir sıra ölkələri də anomal isti hava dalğasının təsiri altındadır. İyul ayında yüksək temperaturun səbəb olduğu meşə yanğınları nəticəsində qitə üzrə 126 min hektardan çox ərazi yanıb. Yanğınların təxminən 40 faizi İspaniyanın payına düşüb. Kataloniyada isə on minlərlə sakin təhlükəsizlik məqsədilə təxliyə edilib.
Fransada da vəziyyət narahatlıq doğurur. Məlumata görə, ölkədə yanğınların məhv etdiyi ərazi 25 min hektara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Mütəxəssislər bildirirlər ki, Avropada meşə yanğınları mövsümünün ən təhlükəli mərhələsi adətən avqust və sentyabr aylarına təsadüf edir. Bu səbəbdən onlar həm dövlət qurumlarını, həm də vətəndaşları mümkün risklərə qarşı əvvəlcədən hazırlıqlı olmağa çağırıblar.







