Türkiyəli alimlər insan tərindən və havadakı rütubətdən elektrik enerjisi istehsal edə bilən yeni nəsil ekoloji batareya hazırlayıblar.
EDnews xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Bildirilib ki, yeni texnologiya əsasən geyilə bilən tibbi cihazların enerji ilə təmin olunması üçün nəzərdə tutulub. Batareya nəmə, insan tərinə və digər bioloji mayelərə məruz qaldıqda aktivləşir.
Layihənin müəlliflərindən biri, professor Bünyamin Şahin qeyd edib ki, hazırlanmış batareya geyilə bilən tibbi cihazların fasiləsiz işləməsinə imkan verir.
Alim bir il ərzində ABŞ-nin Şimali Karolina Dövlət Universitetində tədqiqat aparıb. Layihənin uğurlu nəticələrindən sonra o, daha iki beynəlxalq tədqiqat proqramında iştiraka dəvət olunub.
Yeni batareyanın hazırlanmasında Şimali Karolina Dövlət Universiteti, Çapel Hilldəki Şimali Karolina Universiteti, Rays Universiteti və Necmettin Erbakan Universitetinin mütəxəssisləri iştirak ediblər.
Məlumata görə, batareya ekoloji cəhətdən təmiz materiallardan hazırlanıb. Elastik quruluşa malik olması onun bədənin müxtəlif hissələrində daşınmasına və tibbi sensorlarla birlikdə istifadəsinə imkan yaradır.
Sınaqlar zamanı cihazın davamlı işləməsi üçün kifayət qədər enerji topladığı müəyyən edilib. Həmçinin istifadəçidən toplanan fizioloji məlumatların Bluetooth vasitəsilə real vaxt rejimində ötürülə bildiyi bildirilib.
Mütəxəssislər hesab edirlər ki, bu texnologiya gələcəkdə sağlamlıq göstəricilərini izləyən ağıllı saatlar, tibbi sensorlar və digər geyilə bilən cihazlarda geniş istifadə oluna bilər.







