Tale belə gətirib ki, Şərqi Avropa ölkələri öz tarixləri ərzində məcburi qaydada müxtəlif birilk və ittifaqlarda olublar. Belə ki, 1949-cu ildə onlar tərkibində SSRİ ilə yanaşı ADR-in, Polşanın, Çexoslovakiyanın, Masarıstanın, Bolqarıstanın və Rumıniyanın da olduğu Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) yaradılmasında iştirak etdilər. Təxminən 40 il keçdikdən, artıq sosialist quruluşunun süqutundan və QİYŞ-in dağılmasından sonra, obyektiv və subyektiv səbəblərdən onun keçmiş üzvlərinin yolu digər bir inteqrasiya birliyinə – Avropa İttifaqına düşdü.
QİYŞ-in yaradılması xüsusi bir zaman kəsiyinə təsadüf edirdi, dağıdıcı İkinci Dünya müharibəsi təzəcə qurtarmışdı, bu ölkələrin, demək olar, hamısının iqtisadi durumu kifayət qədər çətin idi. Müharibə illəri ərzində Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya, çevriliş nəticəsində isə Bolqarıstan çoxlu sayda vətəndaşını itirmiş, böyük dağıntılara məruz qalmışdılar, sənaye, kənd təsərrüfatı, sosial sahələr son dərəcə ağır vəziyyətdə idi.
Ədalət naminə qeyd etmək lazımdır ki, Şərqi Avropa ölkələrindəki iqtisadi bərbadlıq Sovet İttifaqının köməkliyi ilə tədricən aradan qaldırılırdı, baxmayaraq ki, müharibədən sonrakı Rusiyanın və Şərqi Avropa regionuna aid olan müttəfiq respublikaların – Ukraynanın, Belorusiyanın, Moldovanın – vəziyyətləri də onlarınkından yaxşı deyildi.
Aydındır ki, özü də ağır vəziyyətdə olan müharibədən sonrakı Sovet İttifaqı Şərqi Avropa ölkələrinin bütün iqtisadi tələbatlarını tam ödəyə bilmirdi.
Vəziyyəti həmçinin keçmiş qərb tərəfdaşları ilə əlaqələrin kəsilməsi də çətinləşdirirdi. Bir tərəfdən qərb dövlətləri, ən əvvəl də ABŞ, Şərqi Avropa ilə sonuncunu «sovet təsir mühiti» hesab edərək onunla iqtisadi əməkdaşlıqdan imtina edirdilər, digər tərəfdən isə sovet rəhbərliyi Şərqi Avropa ölkələrinə Qərblə ticarət və sair əlaqələri qurmağa mane olurdu.
Qeyd etmək lazımdır ki, ölkələrin QİYŞ çərçivəsində geniş iqtisadi əməkdaşlığının 40 illik tarixi çoxlu böyük hadisələrlə zəngindir, çoxtərəfli təsərrüfat əlaqələrinin tənzimlənməsi və inkişafına dair müsbət təcrübə olduğu kimi, bir çox mənfi dərsləri də vardır, hansılar ki, keçmiş «sosialist həmrəyliyi» ərazisində iqtisadi əməkdaşlığın formalaşdırılması zamanı nəzərə alınmırdı.
Tədqiqatçıların gəldiyi nəticəyə görə, QİYŞ-in yarandığı birinci onillikdən sonra keçid dövrünün çətinlikləri heç də aradan qaldırılmamışdı. Xarici ticarətin həcmi cüzi idi. QİYŞ-ə daxil olan ölkələrdə əməyin beynəlxalq bölgüsü mənfəətindən kifayət qədər istifadə olunmurdu. QİYŞ ölkələrinin xarici ticarətinin səviyyəsi sənaye istehsalı inkişafı sürətindən geri qalırdı.
1960-cı illərdə QİYŞ ölkələrinin Qərbi Avropa iqtisadi inteqrasiyasına «yaxınlaşmasının» yolları və metodlarının öyrənilməsinə başlanmışdı. Bu problemin işlənməsində əksər Avropa dövlətlərinin və hətta ABŞ-ın numayəndələri də iştirak edirdilər.
Sosialist ölkələri Avropanın Şərqi və Qərbi arasında ikitərəfli və çoxtərəfli münasibətlərin çevik uzlaşmasının lehinə çıxış etməyə başladılar və bu zaman tərəfdaşların bərabərliyi prinsipinin ardıcıl tətbiqindən irəli gəlirdilər.
QİYŞ ölkələrinin bir tərəfdən QİYŞ və QİYŞ-ə üz ölkələri, digər tərəfdən isə Roma sazişi əsasında 1957-ci ildə altı dövlət (Qərbi Almaniya, Fransa, İtaliya, Belçika, Niderland və Lyüksemburq) tərəfindən yaradılmış Avropa İqtisadi Birliyi (AİB) və AİB-ə üzv ölkəlri arasında münasibətlərin əsası haqqında razılaşma imzalanması təklifi məhz bu məqsədlərə xidmət edirdi.
1973-cü ilin avqust ayında Kopenhagendə QİYŞ və AİB ölkələri nümayəndələrinin ilk qeyri-rəsmi görüşü oldu və burada bu iki inteqrasiya birlikləri arasında dialoqun, yaxınlaşmanın və əməkdaşlığın zəruriliyi qeyd olunmuşdu. Bu, Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında 1975-ci ildə imzalanmış Helsenki aktından sonra aydın oldu. Ancaq yalnız 80-cı illərin axırlarında Avropa İqtisadi Birliyi ilə Qarşılıqlı İqtisadi Yardım Şurası 29 iyun 1988-ci ildə birgə bəyannamə imzalayaraq biri-birlərini rəsmən tanıdılar. Lakin irəlidə hələ çətin bir yol vardı, baxmayaraq ki, bu istiqamətdə artıq bir sıra addımlar atılmışdı.
Ötən əsrin 80-cı illərinin ortalarında QİYŞ-in fəaliyyəti az qala sıfır vəziyyətində idi, o, üzv ölkə başçılarının, o cümlədən də SSRİ rəhbərlərinin «bürokratizmə, kifayət qədər olmayan səmərəliliyə, Qərbdən açıq-aydın geriləməyə» görə tənqid obyektinə çevrilmişdi, 1985-ci ildə isə təşkilat öz varlığına son qoydu.
Sosialist sisteminin çökməsindən və Sovet İttifaqının süqutundan sonra baş verən QİYŞ-in dağılması Qərbi Avropa ölkələrinin stabil Avropa İttifaqına sürətli meyllənməsini müəyyənləşdirmiş oldu.
1991-ci il dekabrın 16-da Macarıstanın, Çexoslovakiyanın və Polşanın Avro İttifaqı ilə assosasiyası ilə bağlı ilk razılaşmalar imzalandı. Bir ildən sonra, 1992-ci il dekabrın 22-də oxşar razılaşmalara Bolqarıstanla və Rumıniya ilə də nail olundu. Dörd ilə yaxın bir müddətdə Sloveniya ilə razırışma hazırlandı (10 iyun 1996-cı ildə imzalanıb). Mərkəzi-Şərqi Avropa (MŞA) assosiativ ölkələrinin Aİ-nin bərabərhüquqlu üzvləri qismində mümkün qəbulu haqqında qərar 1993-cü ilin iyununda Kopenhagendə Avropa İttifaqı sessiyasında qəbul edilmişdi. 1994-1996-cı illərdə Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Bolqarıstan, Çexiya və Sloveniya Aİ-yə qəbul üçün sifariş verdilər.
1996-cı ildə Avropa İttifaqı QİYŞ ölkələrinin Aİ-yə qəbulu haqqında 1998-ci ilin yazında danışıqlara başlanmasını nəzərdə tutan qarşıdakı genişlənməyə dair qrafik qəbul etdi. Bir az qabağa gedərək deyək ki, 2004-cü il mayın 1-də keçmiş sosialist ölkələri (yaxud sosialist Yuqoslaviyasının parçalanması nəticəsində yaranmış) olan Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və Çexiya, 2007-ci il yanvarın 1-də Bolqarıstan, Rumıniya, 2013-cü il iyulun 1-də Xorvatiya Aİ-yə qəbul olundular. Buradaca qeyd edək ki, keçmişi sosialistlər olan ölkələr sırasından Makedoniya 2001-ci ildən, Çernoqoriya 2010-cu ildən, Serbiya 2011-ci ildən Avroittifaqın üzvlüyünə rəsmi, Bosniya və Hersoqovina 2008-ci ildən potensial, Ukrayna və Moldova 2014-cü ildən assosiativ namizəddirlər. Rumıniya və Bolqarıstanın Aİ-yə qəbul olunmasından sonra Avropa İttifaqı Qara dəniz sahillərinə yaxınlaşmış oldu.
Aİ üzvlüyünə hazırlıq gedişində dövlətlərə maliyyə yardımı edildi və bu yardımlar onlar ittifaqa qoşulduqdan sonra daha da artırıldı. Misal üçün, Macarıstan 1990-1999-ci illərdə 1 milyard ekyu aldı. 2006-cı ildə Avroittifaqın fondlarından Polşaya 2,5 milyard avrodan artıq vəsait ayrıldı.
Aİ-yə daxil olma ölkələrin iqtisadi inkişafı üçün güclü stimul oldu, bu ölkələrdə inkişafın ümumi tempi orta hesabla iki dəfə artdı.
O vaxtlar Şərqi Avropa ölkələri qarşısında mürəkkəb problemlər dururdu: əmək məhsuldarlığı aşağı idi, iqtisadiyyatın struktur yenidənqurulması başa çatdırılmamışdı, kənd təsərrüfatının geriliyi qalmaqdaydı, regionların inkişafında nəzərə çarpacaq disproporsiya vardı, müəssisələrin əksəriyyətinin rəqabət qabiliyyəti aşağı idi, onların iqtisadi-maliyyə vəziyyəti isə qeyri-stabil idi və s. Sadalanan və adı çəkilməyən problemlərin həlli, təbii ki, düşünülmüş milli modernləşdirmə proqramlarının işlənməsi və reallaşdırılmasını tələb edirdi, həm də ölkələrin vəziyyəti kifayət qədər aşağı səviyyədə olan vahid Aİ bazarına bağlılığı faktı nəzərə alınmaqla.
Aİ-nin «Şərq»ə doğru genişlənməsi Avropa İttifaqının və onun yeni üzvlərinin Rusiya ilə münasibətlərinin formalaşdırılmasına və gələcək inkişafına böyük təsir göstərdi. Bu cəhəti qeyd etməmək mümkün deyil ki, faktiki olaraq XX və XXI əsrlərin qovuşacağında mühüm daxili və beynəlxalq problemlərin həllində tərəfdaş kimi Mərkəzi və Şərqi Avropa ölkələrinə Rusiyanın etinasızlıq nümayiş etdirməsi münasibətlərin nəzərəçarpacaq dərəcədə soyumasına gətirib çıxardı. Yalnız XXI əsrin ilk onilliyinin sonlarına yaxın onlar arasında münasibətlərin yaxşılaşması üçün ümidverici tendensiyalar əmələ gəlməyə başladı.
Etiraf etmək lazım gəlir, təəssüf ki, indi, ötən əsrin 80-ci illərinin sonundakı «boşanmadan» 20 ildən artıq vaxt keçməsindən sonra belə nə Rusiyanın, nə də Mərkəzi və Şərqi Avropa ölkələrinin daha uzun zaman üçün dəqiq perspektiv münasibətlər quruculuğu konsepsiyaları yoxdur.
Mərkəzi və Şərqi Avropa ölkələrinin əksərinin Avropa İttifaqına daxil olmasından sonra onların beynəlxalq siyasi vəziyyətlərində əsaslı dəyişikliklər baş verdi, təkcə onların xarici siyasəti deyil, başqa dövlətlərin onlara münasibəti də dəyişdi. Bundan başqa, butöv Avropa geosiyasi məkanı hiss olunacaq dərəcədə dəyişdi, müsbət dəyişikliklər isə ümumdünya abu-havasına böyük müsbət təsir göstərdi.
Beləliklə, XXI əsrin əvvəlində Avropada yeni, lakin regiona çoxdan tanış olan geosiyasi bir situasiya yarandı. Bir yüzillik ərzində Şərqi Avropa ölkələri artıq üçüncü dəfə öz iradələrindən asılı olmayaraq eyni rolu – böyük dövlətlərin manipulyasiya obyekti rolunu oynamağa məcbur oldular. İkinci dünya müharibəsindən sonra Sovet İttifaqının səyi ilə Qərbə qarşı Baltikyanıdan Qara dənizədək Şərqi Avropa ölkələrindən ibarət «sanitar kordon» yaranmışdı. Və əksinə, «soyuq müharibə» bitdikdən sonra Şərqi Avropa Qərb ölkələrinin Rusiyaya qarşı olan təsir dairəsi strukturuna düşmüş oldu.
Bütün digər şeylərdən başqa, NATO-nun və Avropa İttifaqının demək olar eyni vaxtda şərqə doğru genişlənməsi İkinci Dünya müharibəsindən sonra dünyada mövcud olan hərbi-strateji simmetriyanın pozulmasına gətirib çıxartdı. Bu zaman üst-üstə düşən NATO və Aİ funksiyaları daha çox ortaya çıxmış oldu.
Avroittifaqın «şərq» genişlənməsi faktoru Aİ-nin beynəlxalq-siyasi durumuna da, onun «yaşlı» və «cavan» üzvlərinin xarici siyasətinə də əhəmiyətli dərəcədə təsir göstərdi. Genişlənmə prosesində Avroittifaq özü də dəyişikliklərə məruz qalır. Aİ tədqiqatçılarının qeyd etdikləri kimi, etiraf etmək lazımdır ki, müasir dünyada Avroittifaq artıq aşkar güc mərkəzi olub, özü də «Avropa liderləri tam açıq şəkildə Aİ-nin fövqaldövlətə çevrilmək məqsədi daşıdığını deyirlər», ABŞ-ın dünyada təkbaşına hegemonluq iddiasının qarşılığında. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, bu siyasi-iqtisadi sistemin uğurlu fəaliyyəti çətin ki, Şərqi Avropanın Rusiya, Ukrayna, Belarus kimi ölkələrinin fəal iştirakı olmadan mümkün olsun.
Qədir Nəsirov