Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
EDnews xəbər verir ki, görüşdə dövlət başçısı Azərbaycanla İordaniya arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğulayaraq, siyasi, iqtisadi, humanitar, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirakının əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini, həmçinin ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını bildirib.
Mazen Torki Saud Əl-Qadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və öz salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib. Dövlət başçısı Kral II Abdullah ibn Al Hüseyni Azərbaycana səfərə dəvət edib.
Qonaq qəbul və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, bunu Azərbaycanla İordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. O, iki ölkə liderinin siyasi iradəsi nəticəsində Azərbaycan-İordaniya münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.
Mazen Torki Saud Əl-Qadi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın təhlükəsiz və inkişaf edən ölkəyə çevrildiyini qeyd edib. O, həmçinin Azərbaycanda mövcud olan xalq-iqtidar birliyini yüksək qiymətləndirib.
İordaniya nümayəndə heyətinin rəhbəri Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa, ərəb və İslam dünyasını narahat edən məsələlərə daim diqqətlə yanaşdığını, islam həmrəyliyini dəstəklədiyini bildirib. O, Azərbaycanın Fələstin məsələsində tutduğu ədalətli mövqenin yüksək qiymətləndirildiyini qeyd edib.
Qonaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması münasibətilə təbriklərini bir daha çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirib və Kral II Abdullah ibn Al Hüseynin rəhbərliyi ilə İordaniyanın da uğurla inkişaf etdiyini qeyd edib. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinə daim dəstək nümayiş etdirdiyini vurğulayaraq, Fələstin məsələsində ölkəmizin Əl-Qüds Əl-Şərif paytaxt olmaqla iki dövlət həll yolunu dəstəklədiyini bildirib.
Görüşdə iki ölkə arasında əlaqələrin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.















