İyunun 22-də ölkə ərazisində gözlənilən hava şəraiti məlum olub.
EDnews xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında havanın qısa müddətə tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxt və yarımadada havanın temperaturu gecə 19-22, gündüz 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 761 millimetr civə sütunu təşkil edəcəyi, nisbi rütubətin isə 60-70 faiz olacağı bildirilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 20-25, gündüz 29-33 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacaq.







