ABŞ-də süni intellektin tətbiqi səbəbindən işini itirənlərin sayı rekord səviyyəyə yüksəlib.
EDnews xəbər verir ki, bu barədə "TRT Haber" “Techtimes”a istinadən məlumat yayıb.
Məlumata görə, may ayına olan göstəricilərə əsasən, ABŞ-də süni intellekt səbəbindən işdən çıxarılanların sayı 87 min 714 nəfərə çatıb. Süni intellekt ölkədə artıq üç ay ardıcıl olaraq iş yerlərinin ixtisarında əsas səbəb kimi qeydə alınıb.
Bildirilib ki, texnologiya sektorunda ilin ilk beş ayında ümumi işdən çıxarmalar ötən ilin eyni dövrü ilə müqayisədə 66 faiz artaraq 123 min 653 nəfərə yüksəlib.
Məlumatların açıqlanmasından sonra süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər işini itirən əməkdaşların yenidən hazırlanması üçün 1 milyard dollarlıq fond yaradıldığını elan ediblər.
Qeyd edək ki, “RAISE US” adlı qeyri-kommersiya təşkilatı keçmiş ticarət naziri Cina Raymondo və İndiana ştatının keçmiş qubernatoru Erik Holkombun rəhbərliyi ilə yaradılıb.
Platforma Amazon, Anthropic, Microsoft və OpenAI Fondu tərəfindən dəstəklənir.
Təşkilat artıq 1 milyard dollarlıq hədəfin 500 milyon dollardan çoxunu təmin edib və ABŞ-nin bir neçə ştatında pilot proqramlara başlayıb.
Proqramların nəticələri iştirakçıların təlim saatlarına görə deyil, onların işə düzəlməsi və həmin iş yerlərini qoruyub saxlaması göstəriciləri ilə qiymətləndiriləcək.

.jpg)





