Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistan ərazisində İŞİD terror təşkilatına məxsus olduğu bildirilən təlim mərkəzlərinə hava zərbələri endirib.
EDnews xəbər verir ki, bu barədə “Sputnik Armenia” RİA Novosti-yə istinadən məlumat yayıb.
Məlumata görə, zərbələr Pakistanın Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində yerləşən obyektlərə endirilib. Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında həmin mərkəzlərin təxribat fəaliyyətləri və Əfqanıstan ərazisinə hücumların təşkili üçün istifadə olunduğu bildirilib.
Nazirlik qeyd edib ki, əməliyyat nəticəsində İŞİD silahlılarına və təxribatçı qruplara canlı qüvvə və maddi baxımdan ciddi zərər vurulub.
Əfqanıstan Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, ölkənin təhlükəsizliyinə təhdid yaradan istənilən məkan Hərbi Hava Qüvvələrinin hədəfi ola bilər.
Qeyd edək ki, Əfqanıstan aviasiyasının zərbələri Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Kunar, Paktiya və Paktika əyalətlərinə endirdiyi zərbələrdən sonra baş verib. Həmin hücumlar nəticəsində 36 dinc sakinin öldüyü, 160-dan çox insanın yaralandığı bildirilir.
Aytac Kərimova | EDnews







