ABŞ-nin İsraildəki səfiri Mayk Hukabee Qüdsdə keçirilən JNS Beynəlxalq Siyasət Sammitində çıxışı zamanı Prezident Donald Trampın onu işdən çıxarması ilə bağlı zarafat edib.
EDnews xəbər verir ki, bu barədə “Türkiye Today” məlumat yayıb.
Hukabee çıxışından öncə Trampın sosial media hesablarını yoxladığını bildirib.
O, bunu İsraildəki son çıxışı olub-olmadığını dəqiqləşdirmək üçün etdiyini zarafatla qeyd edib.
Səfir Trampın adətən insanları gecə saatlarında sosial media üzərindən işdən çıxardığını deyərək, hələlik vəzifəsində qaldığını bildirib. Onun bu sözləri zalda gülüş və alqışlarla qarşılanıb.
Daha sonra Hukabee ABŞ-İsrail münasibətlərinə dair narahatlıqlara toxunub.
O, iki ölkə arasında əlaqələrin “sarsılmaz” olduğunu vurğulayıb və Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib.
Səfir həmçinin Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlərin yalnız diplomatik deyil, həm də şəxsi xarakter daşıdığını qeyd edib.
Onun sözlərinə görə, Tramp heç bir dünya lideri ilə Netanyahu qədər tez-tez danışmır.







