Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.
“Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib.
Terminologiya - [lat. terminus – sərhəd, yun. loqos – məfhum, təlim] – bəlkə birinci elə Komitənin adından başlayasız, əzizlər?
Niyyət yaxşıdı, mübhəmdir. Məqsəd də apaydın: milliləşmə, özləşmə. Dili alınma sözlərdən təmizləmək.
Dil canlıdı, özün formalaşdıran, diktə olunmaz prosesdir.
Texnoloji gəlişim, mobilləşmə dil prosesinə birbaşa təsir edir. Yeni sözlər yaranır, bəzi sözlər köhnəlir.
Birinci məqsəd olur, sonra nəticə.
Kompüteri icad edənlər, əvvəldən bilirdilər ki, kompüter düzəldirlər. Ad təsəvvür olaraq vardı və layihə ona uyğun reallaşdı. Təsadüfən faylların saxlancı üçün bir qutu düzəldib adını “harddisk” qoymayıblar. Əvvələn nə düzəltdiklərini bilirdilər, məqsəd aydın idi.
Biz texnoloji müstəvidə, ümumiyyətlə, görünmürük. Nəyimiz var? Bu ilin dekabrında dünyada ilk dəfə baş nəqli reallaşacaq. İtaliyan beyin cərrahı ölü bədənə rusiyalı könüllünün başını qoyacaq.
Biz hələ qafiyə axtarışında, hekayə yazmaqda.
Texnoloji-elmi prosesdən yeddi köynək aralıyıq. Ona görə qeyri-bizdən icadlara ad verəndə gülməli çıxır.
Keçəndəfəki siyahı lap gülünc idi, o heç, bu dəfəki sözlər də yerində deyil. Məsələn, “öncəgörmə”.
Mötəbər Terminologiya Komitəsi “proqnoz”u “öncəgörmə” edib. Təxminən belə: Hidrometrologiya şöbəsinin öncəgörməsinə görə...
“Öncəgörmə” daha çox abilərin “önyarqı”sına uyğun gəlir. Hələ redaktəyə də gəlir: “öngörmə”. Yoxsa bu işi daha astroloqlara həvalə edəcəklər? “Zirəddinin öncəgörməsinə əsasən, sabah hava az yağmurlu, küləkli olacaq...”, Proqnozlar bürosu da olacaq - “Öncəgörmələr bürosu”.
“Adapter” necə “yükləyici” oldu? “Adapter” - adaptasiya sözündədir, uyğunlaşmadır. Alibey demiş, bir cihazın digər cihazın standartlarına uyğun gəlmirsə, ona uyğunlaşdırıcı alət və ya cihaz tətbiq edilir. Məsələn, telefonun voltajı 12-19 voltdusa, 220 volta adapter vasitəsi ilə uyğunlaşdırma edilir. Elektrik cihazlarına aid olmayan “adapter”lər də var, onlara nə deyək?
“Mouse”nun qarşılığı kimi “bələdçi” təklif edilir. Bələdçi – yol göstərəndir. Yəni əvvəldən yolu bilən. Əldən tutub aparan. “Mouse”ni isə biz aparırırq. Ona əmrləri biz veririk: sağa, sola, üstünə bas, sil...
“Like” olub “bəyənmə”. Lap yaxşı, olsun. Bir söz demirəm, amma Mark bunu bir neçə il əvvəldən şəbəkəyə Azərbaycan dilinin tətbiqində etmişdi. Bəs onda niyə “Facebook”u “Üzkitab” olmasın?
Bir dəfə tərçüməçi Orhan Pamuku “Orxan Pambıq” kimi təqdim etmişdi.
Yanlış anlaşılmasın, məqsəd yaxşıdı, özləşmə istəyi müstəhəbdir, gəl, bunu peşəkarca etmək gərək.
Hesabat xatirinə, statistkaya bir “iş” də əlavələnsin deyə sözlərin başına oyun açmaq olmaz.
Dili qorumaq istəyirsiz? Onda şərait yaradın, ədəbiyyat inkişaf etsin.
Kresloda dil yaranmaz, olmaz, əsla mümkün deyil.
“Nəfəslik” - necə gözəldi, necə uğurlu. “Yelçəkən” bəs? – Xatırladım ki, bu sözləri ədəbiyyat yaradıb. Daha doğrusu, söz ədəbiyyatda öz adın tapıb.
Hazırda hekayə yazıram. Mənə köməyiniz lazımdı. O qaşıq kimi olur, ortası deşik. Köpükdə qarışdırıb üfləyirsən, halqalar uçur e, onu necə yazım?(axar.az)