İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir.
Eurasia Diary "Azərtac"a istinadla xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov jurnalistlərə açıqlamasında "İslam sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumunun İslamın Qafqaz xalqlarının həyatındakı mühüm yerinə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına verdikləri töhfələrə dərindən bələd olan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda keçirildiyini bildirib. Xatırladıb ki, Azərbaycan hökumətinin İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi ilə birgə təşkil etdiyi bu Simpoziumda Ulu Öndər mövzuya dair geniş nitq söyləmiş, İslamın ümumbəşəri dəyərlərindən, həmçinin Qafqaz xalqlarının həyatındakı yerindən bəhs etmiş, İslam mədəniyyətinin Qafqazda yayılmasında Azərbaycanın müstəsna rolunu xüsusi vurğulamışdır. Ulu Öndər Azərbaycanın Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi olması ideyasını irəli sürmüşdü. Bu gün də biz Ulu Öndərin dəyərli tövsiyəsinə uyğun olaraq, Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçiririk. Bu Simpoziumun keçirilməsi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin İslama və onun dəyərlərinə verdiyi qiymətin əyani təcəssümüdür.
Ceyhun Məmmədov bildirib ki, Simpoziumda 15 ölkədən 50-yə yaxın nümayəndə iştirak edir. İki gün davam edəcək tədbirdə Azərbaycan multikulturalizmi, tolerantlığı, İslamın Qafqaz xalqlarının həyatında rolu müzakirə olunacaq. Qonaqlarımız Bakıda olduqları müddətdə mədəni-tarixi abidələrlə tanış olacaqlar. Eyni zamanda, Heydər Məscidini ziyarət edəcəklər.