İtaliyada iyunun sonu və iyulun əvvəlində Afrika antisiklonunun güclənməsi ilə müşahidə olunan qızmar istilər səbəbindən təxminən 500 nəfərin öldüyü bildirilir.
“EDnews” xəbər verir ki, qitədə aparılan araşdırmaya əsasən, iyunun 23-dən iyulun 2-dək Milanda 317, Romada 164 ölüm qeydə alınıb. Qeyd edilən dövrdə Avropanın 12 şəhərində isə anomal istilər səbəbindən 2300-dək ölüm olduğu bildirilir. Təxmin edilən 2300 ölümdən təqribən 1500-ü və ya 65 faizi məhz iqlim dəyişikliyinin nəticəsidir.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi istiliklə bağlı ölümlərin sayını üç dəfə artırıb. Həmçinin ənənəvi yanacaqdan istifadə bütün şəhərlərdə temperaturu 4 dərəcəyədək yüksəldib.
Alimlər nəzərdən keçirilmiş metodlardan istifadə edərək ölənlərin sayını təxmin ediblər. Bu, iqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istiliklə bağlı ölümləri təxmin edən ilk sürətli araşdırmadır.
Xatırladaq ki, iyunun sonu və iyulun əvvəlində Avropanı həddindən artıq istilər bürüyüb, bir çox ölkədə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.