"Sülhün Kökləri" (Roots of Peace) təşkilatı BMT-nin Beynəlxalq Mina Maarifləndirmə Günü münasibətilə beynəlxalq “Sülh üçün Ağ Gül” kampaniyasına start verib.
"EDnews" xəbər verir ki, bu həftə Böyük Britaniya Parlamentində təqdim olunan təşəbbüs, minaların tamamilə ləğv olunması və sözün əsl mənasında sülh toxumlarının əkilməsi üçün yenilənmiş çağırış xarakteri daşıyır.
Təşəbbüsə Sülhün Kökləri təşkilatının təsisçisi və 2023-cü il Dünya Ərzaq Mükafatı laureatı Heidi Kuhn rəhbərlik edir:
“Ağ gülün sadəliyi dərin məna daşıyır,” – deyə Kuhn bildirib. – “Bu, sevgini və saflığı təcəssüm etdirən, sərhədləri aşan bir simvoldur — bəşəriyyəti minaların səbəb olduğu müharibə toxumlarını kənd təsərrüfatının həyat toxumları ilə əvəz etməyə səsləyir. Təmizlənən hər mina sülh üçün münbit torpaq yaradır. Əkilən hər ağac gələcək nəsilləri bəsləyir. Bu bahar, dünyanın hər yerindən insanları kənd təsərrüfatı vasitəsilə sülhü becərməyə çağırırıq.”
Qeyd edək ki, Sülhün Kökləri təşkilatı dünyanın ən həssas fermer və ticarətçilərini dəstəkləyərək müharibənin izlərini – minaları və digər partlayıcı qalıqları – aradan qaldırır, kənd təsərrüfatı məhsuldarlığını və rifahını bərpa edir. Bu təşkilat münaqişədən zərər çəkmiş bölgələrin minalardan təmizlənməsi və sonrasında yenidən əkilməsi və qurulmasına həsr olunmuş humanitar bir qurumdur.
1997-ci ildə Heidi Kuhn tərəfindən təsis edilmiş Sülhün Kökləri təşkilatının əsas məqsədi mina sahələrini əkin sahələrinə çevirmək və mina partlayışlarından zərər çəkmiş şəxslərə dəstək göstərməkdir.