Yay mövsümündə ən çox istehlak edilən məhsullardan biri qarpızdır. Lakin düzgün seçilməyən və mövsümündən əvvəl bazara çıxarılan qarpızlar sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova EDnews-a açıqlamasında qarpız alarkən diqqət edilməli məqamları sadalayıb.
.
Məhsəti Hüseynovanın sözlərinə görə, qarpızın təbii və tam yetişmiş olub-olmadığını müəyyən etmək üçün ilk növbədə onun xarici görünüşünə diqqət edilməlidir:
“Qarpız alarkən həddindən artıq iri ölçülü məhsullardan uzaq durmaq lazımdır. Orta ölçülü, qabığının üzərində naxışları aydın görünən, rəngi təbii və parlaq olan qarpızlara üstünlük verilməlidir. Həmçinin uzun müddət birbaşa günəş altında saxlanılan qarpızların alınması tövsiyə edilmir, çünki bu, məhsulun keyfiyyətinə təsir göstərə bilər”.
Mütəxəssis bildirib ki, qarpızın tam yetişdiyini göstərən bəzi əlamətlər var:
“Yetişmiş qarpız adətən kəsilən zaman daha xırtıldayan quruluşa malik olur, rəngi al-qırmızı olur və lifləri normal görünür. Kəsildikdə içəridə çox qalın ağ zolaqlar və solğun çəhrayı rəng görünürsə, bu məhsulun keyfiyyəti ilə bağlı suallar yarada bilər”.
Məhsəti Hüseynova gübrə və nitratla həddindən artıq yetişdirilən qarpızlarla bağlı da xəbərdarlıq edib:
“Qeyri-mövsümi və ya həddindən artıq sürətlə yetişdirilən qarpızlarda nitrat və digər kimyəvi maddələrin qalığı daha yüksək ola bilər. Belə qarpızların çox iri olması, iç hissəsində ağ və qalın damarların görünməsi, kəsildikdə normal şəkildə çatlamaması diqqət çəkən əlamətlərdəndir. Bu cür məhsullar xüsusilə uşaqlar, yaşlılar və həssas qruplar üçün risk yarada bilər”.
Ekspert qarpızın hansı aylarda daha təhlükəsiz istehlak oluna biləcəyinə də aydınlıq gətirib:
“Azərbaycanda qarpızın əsas təbii mövsümü iyul ayının ikinci yarısından başlayaraq avqust ayını əhatə edir. Bu dövrdə yetişən qarpızlar həm qida dəyəri baxımından daha üstün, həm də daha təhlükəsiz hesab olunur. Mövsümündən əvvəl satışa çıxarılan məhsullarda isə istehlakçılar daha diqqətli olmalıdırlar”.
Məhsəti Hüseynova sonda xarab olmuş qarpızın necə müəyyən edilə biləcəyini də izah edib:
“Əgər qarpız kəsildikdən sonra xoşagəlməz qoxu gəlirsə, həddindən artıq yumşalıbsa, iç hissəsində selikli görüntü yaranıbsa və ya dadında turşuluq hiss olunursa, həmin məhsul istehlak edilməməlidir. Kəsilmiş qarpız uzun müddət saxlanıldıqda da təhlükə yarada bilər”.







