Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Fransada keçirilən G7 sammiti çərçivəsində görüşməyi təklif etdiyini bildirib.
EDnews xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Zelenski Kiyevdə "Peçersk Lavrası"nda çıxışı zamanı bildirib ki, ABŞ Putinin G7 sammiti çərçivəsində keçirilə biləcək görüşə dəvət olunması ilə razılaşıb.
“Biz aydın şəkildə bildirdik ki, G7 sammiti zamanı Putinlə görüşməyə hazırıq. Çünki orada Tramp və Makron olacaq, yəni avropalılar və amerikalılar iştirak edəcək. Məncə, bu, hamının birlikdə görüşməsi üçün yaxşı, hətta çox yaxşı fürsətdir”, - deyə Ukrayna lideri jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa və ABŞ bu məsələ ilə bağlı razılığa gəlib, lakin Rusiya dialoqa hazır olmadığını nümayiş etdirib.
"Reuters"ə danışan Ukrayna mənbəsi bildirib ki, Kiyev görüşlə bağlı dəvəti Rusiya tərəfinə göndərib, lakin aydın cavab almayıb.
Bununla belə, Fransa Putinin və ya digər Rusiya rəsmilərinin sammitə dəvət olunduğunu təsdiqləməyib.
Qeyd edək ki, daha əvvəl Ukrayna tərəfinin danışıqlardakı nümayəndəsi Rusiyanı sülh prosesini davam etdirmək istəməməkdə ittiham edib.
Aytac Kərimova | EDnews







