Ermənistan tərəfi Qarabağ uğrunda gedən döyüşlərdə mülki əhalini hədəfə alaraq minlərlə evə ziyan vurub. Onlarla vətəndaşımız həlak olub və yaralanıb.
Eurasia Diary Goranboy rayonunda fəaliyyətdə olan Azərbaycan Gənclərinə Dəstək Proqramının layihə koordinatoru Fariz Vəliyevdən rayondakı vəziyyəti öyrənib.
O, bildirib ki, təxminən dünən saat 12:00-dən etibarən bölgədə sakitlik hökm sürür. Lakin 2 gün əvvəl 5-10 dəqiqə aralıqda düşmən tərəfi atəşkəsi pozub. Son günlərdə isə heç bir yaşayış məntəqəsinə zərər dəyməyib.
“Əhali öz işinin başındadır, küçələrdə uşaqlar oynayır. Təxminən 10 gün əvvəl ermənilər kənd və şəhərlərə zərbələr endirirdi. Əhalinin bir qismi yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalmışdı. Ancaq indi isə hər kəs artıq öz evlərinə geri dönüb. Rayon sakinlərinin əhval-ruhiyyəsi çox yüksəkdir”.
Fariz Vəliyev mümkün hücumlar zamanı əhalinin qorunması üçün lazımı sayda sığınacaqların olduğunu da qeyd edib.